Dünən Azərbaycanla Ermənistan sərhədində delimitasiya komissiyalarının beşinci iclası keçirildi. İclasda komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin hazırlanması üzərində işin aparılması barədə razılıq əldə olundu.
Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Diplomat vurğulayıb ki, adətən belə sənədlərdə təşkilati məsələlərin detalları öz əksini tapır:
“Burada siyasi əhəmiyyət kəsb edən ən önəmli məsələ isə hansı xəttin baza kimi götürüləcəyidir. Tərəflər fərqli mövqelərdən çıxış edir. Ermənistan hökuməti öz çıxışları zamanı 1975-ci il xəritələrindən, 1991-ci il Almatı Bəyannaməsindən danışır. Əgər xatırlayırsınızsa, Azərbaycan Xarici İşlər Nazirliyi cari ilin oktyabr ayında Paşinyanın iddiasına verdiyi cavabda 1975-ci il xəritəsinin olmadığını bildirib. Fikrimcə, dövlətimiz heç bir halda öz haqlı mövqeyindən geri çəkilməyəcək. Çünki Azərbaycanın delimitasiya prosesinin həyata keçirildiyi xətt boyunca 1920 və 1929-cu il sərhəd dəyişikləri edilinədək mövcud olan xəritələri əsas götürməyə tam hüququ var. Əlbəttə, bütün bunlar növbəti görüşlərdə təfərrüatı ilə müzakirə ediləcək. İndi isə əsasən texniki məsələlər üzrə müəyyən razılıqlar əldə olunub”.