Rusiyanın tanınmış politoloqu Sergey Markovun AzerTimes-a müsahibəsi:
– Son günlər Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi texnika toplamasını və atəşkəsin pozulmasını necə şərh etmək olar? Ermənistan müharibə etmək niyyətindədir?
– Ermənistan bir neçə səbəbdən Azərbaycanla sərhədə hərbi texnika yığır. Birincisi, ona görə ki, Azərbaycanla Ermənistan arasında Azərbaycan 4 kəndi ilə bağlı müzakirə var. Bu kəndlər Ermənistan tərəfindən çoxdan işğal olunub və indi Azərbaycan onların geri qaytarılmasını tələb edir. Bundan başqa, Ermənistan Azərbaycanın ədalətli şərtləri ilə Zəngəzur dəhlizinin açılmasına razı deyil və buna görə də hərbi münaqişədən qorxur. Bundan əlavə, Ermənistanda azərbaycanfobiya mühiti davam edir. Ona görə də sərhəddə atmosfer gərginləşir. Erməni tərəfində isə hər an hərbi əməliyyatlara əl atmağa hazır olan radikal qruplaşmalar mövcuddur. Ermənistan ordusunun Azərbaycan Ordusundan açıq-aşkar zəif olduğu bir şəraitdə indi Paşinyanın öz ordusunun Azərbaycana qarşı hücuma keçəcəyini təsəvvür etmək çox çətindir. Amma Ermənistandakı radikal qrupların döyüşə-əməliyyatlara gətirə bilən təxribatlar yaratmağa çalışacağını təsəvvür etmək mümkündür. Çünki onlar Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişini pozmaq və Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinin qisasını almaq istəyirlər və Azərbaycana qarşı kinli nifrətləri əsasında ağılsız hərəkətlər etməyə hazırdırlar.
Ona görə də hərbi əməliyyatların başlanması ehtimalı mövcuddur. Üstəlik, ABŞ və AB fəal şəkildə regiona daxil olmağa çalışır. ABŞ və AB qüvvələrinin bölgəyə girməsinin səbəblərindən biri də hərbi əməliyyatların başlanması ola bilər.
– ABŞ və AB ölkələri ordularının bölgəyə girməsi Rusiya üçün qırmızı xətt sayıla bilərmi? Ümumiyyətlə, Moskva üçün İrəvanla bağlı məsələdə “qırmızı xətt” nədir?
– İndi Rusiya ilə Ermənistan arasında münasibətlərdə qırmızı xətlərdən danışmaq yəqin ki, çətindir. Rusiya hərbçiləri ilə bağlı təxribatlardan danışmaq olar. Lakin qırmızı xətlər məsələsi təkcə Ermənistanın qırmızı xətti keçə biləcək hərəkətlərinə aid deyil, həm də Rusiyanın sərt cavabının nə ola biləcəyi məsələsidir. İndiyə qədər bu sərt cavab görünmür. Çünki Rusiya Ermənistana qarşı yumşaq mövqe tutmağa çalışır. Səbəb isə əhalidir. Əgər Paşinyan və onun Soros Fondundan olan komandası açıq-aşkar Rusiyaya qarşdırısa, Ermənistan əhalisinin əksəriyyəti rusiyayönlü oriyentasiyaya sadiqdir. Baxmayaraq ki, bir çox cəhətdən fransayönlü meyillər də yaranıb. Amma erməni cəmiyyətində möcüzəvi şəkildə fransayönlü və rusiyayönlü oriyentasiya birləşə bilir. Ona görə də Rusiya rəhbərliyi Ermənistan rəhbərliyinə sərt cavab verməməyə çalışır, əksinə, rusiyapərəst əhalinin Nikola Paşinyan başda olmaqla Ermənistan rəhbərliyinin antirusiya hərəkətlərinin qarşısını alacağına ümid edərək, əsasən, əhaliyə üz tutur.
– Ermənistan-ABŞ və AB rəhbərliyinin birgə görüşünü necə qiymətləndirisiniz? Bu, Ermənistanın Rusiyadan tamamilə qopması deməkdir?
– Ermənistan, ABŞ və AB rəhbərliyinin üçtərəfli görüşü bütün region üçün açıq-aşkar sabitliyi pozan amildir. Orada hər şey olduqca sadədir. ABŞ və AB Ermənistanla Rusiya arasında münasibətləri kəsmək, Rusiyanı Ermənistandan çıxarmaq və Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırmaq üçün Ermənistana daxil olmaq, Rusiyanın artan siyasi təcridinə nail olmaq istəyirlər. Bundan əlavə, ABŞ və AB öz hökmranlığını bərqərar etmək üçün siyasi əhəmiyyətli Qafqaz regionunu ələ keçirmək niyyətindədirlər. Onlar özlərinin klassik imperialist prinsipi ilə hərəkət edirlər – parçala və qalib gəl. Bundan əlavə, ABŞ İrana qarşı gələcək hərbi əməliyyatlar üçün Ermənistan ərazisində hərbi baza yaratmaq arzusundadır. Bundan əlavə, ABŞ və Avropa Birliyinin özünün də yer aldığı dünya siyasətində mühüm rola malik, həmçinin Cənubi Qafqazda da aktiv fəaliyyət göstərən və Azərbaycanın müttəfiqi olan Türkiyəyə qarşı təzyiq üçün əlavə alətlər əldə etmək istəyir.
Bu görüş sabitliyi poza bilər, çünki belə görüşlər vasitəsilə həm ABŞ, həm də AB Cənubi Qafqazda tədricən hərbi ekspansiyalarını həyata keçirirlər. Həm də ona görə ki, ABŞ və AB Ermənistana Azərbaycanla münaqişədə dəstək verəcəklərini vəd edir. Bununla da ABŞ və AB-nin mövqeyi antiazərbaycan xarakteri daşıyır. Beləliklə, ABŞ və AB hərbi əməliyyatların bərpasının müəllifi ola bilər. Onlar Ermənistan, o cümlədən Azərbaycanla sərhəddə hərbi missiyalarını yerləşdirməyə əsas əldə etmək üçün hərbi əməliyyatların başlanmasında maraqlıdırlar.