Sərhəd təxribatında kim maraqlıdır? – Şərh

Sərhəd təxribatında kim maraqlıdır? – Şərh

Heç bir şübhə yoxdur ki, Zod istiqamətindəki sərhədimizdə baş verən Ermənistan təxribatı birbaşa Rusiyanın sifarişidir. Əvvəllər də qeyd etdiyimiz kimi, təxribat devrilmiş Qarabağ klanının Müdafiə Nazirliyində və digər güc strukturlarında təmsil olunan Rusiya vassalı olan nümayəndələri tərəfindən həyata keçirilib. Məqsəd isə hazırda aktivləşən danışıqlar prosesinə əngəl olmaqdır.

Bu sözləri AzerTimes-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi danışıqlar prosesinin hazırda Moskvanın nəzarətindən çıxdığını və bunu həzm edə bilmədiklərini qeyd edib:

“Hazırda Azərbaycan və Ermənistan mövqeləri arasında diplomatik sahədə yaxınlaşma var və bu, Qərbin təşkil etdiyi danışıqlar platformasında əldə edilib. Yəni danışıqlar prosesi artıq Rusiyanın nəzarətindən çıxıb. Yəqin ki, Paşinyanın Moskvadakı məruzəsindən sonra onlar da bunu dəqiq anlayıb. Burada iki ehtimal var: Paşinyan ya oyunun tərkib hissəsidir, yaxud da ölkədə dövlət orqanlarına, xüsusilə güc strukturlarına normal nəzarət edə bilmir. Rusiya danışıqların baş tutmaması və neqativ, gərgin ab-hava yaratmaq üçün öz əlaltıları vasitəsilə yenə təxribat yolunu seçib. Ssenari isə Azərbaycanı daha geniş miqyasda və bütün gücü ilə əks-hücuma keçməyə məcbur etməkdir. Yəni Ordumuzun əks-hücum nəticəsində daha geniş əraziləri nəzarətə götürməsini və nəticədə Cənubi Qafqaz məsələsində mövqeyi Rusiya ilə nisbətən yaxın olan Fransanın da yalandan hay-küy qaldırmaq imkanı əldə etməsini istəyirlər. Bununla eyni zamanda Qərbin təqdim etdiyi danışıqlar platformasını da zədələməyi hədəfləyirlər. Ancaq ümid edirik ki, bu olmayacaq. Çünki Paşinyan və komandası təxribatın arxasında Rusiya və bir sıra ölkələrin olduğunu çox yaxşı bilirlər. Əgər həqiqətən sülh istəyirlərsə, təxribatlara son qoyulmalıdır. Əks-təqdirdə öz sonlarını hazırlamış olacaqlar”.

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutaraq təxribat törədib və nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb. Hazırda Ordumuz adekvat cavab tədbirləri görür.

Teqlər: