Son illər biz sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.
Onun sözlərinə görə, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün yeni yanaşma və həll yollarının axtarışı və tətbiqinin aktuallığını şərtləndirir.
“Bu baxımdan, gedən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsinə kompleks və səmərəli yanaşma beynəlxalq terrorizm, separatizm, transsərhəd cinayətlər, o cümlədən qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və digər qadağan olunmuş materialların qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitədir”, – E.Quliyev vurğulayıb.