Sərhəd pozucuları külli miqdarda narkotiklə tutuldu (FOTO)

Xəbər - Samir Əli – Trend:

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətdən AzerTimes-a verilən məlumata görə, fevral ayının 7-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunmuşdur. Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilmiş, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerin­dən qaç­mış­lar.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qa­pa­dıl­mış, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı hə­yata keçiril­mişdir.

Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxmini ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olu­na­raq götürülmüşdür.

Sərhəd pozucularından biri – Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Heydərli Orxan Nizami oğlu sərhəd naryadı tərəfindən yaxalanmış, digər 3 nəfər ərazinin mü­rəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaş­mışlar.


Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilmiş, Yardımlı rayo­nu­nun polis şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əmə­liy­yat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri 1991-ci il təvəllüdlü Sultanov Eldəniz Arzuman oğlunun və 1996-cı il təvəllüdlü Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılmışlar.

Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qa­ya­lıq­dan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olmuş­dur. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: