Prezident İlham Əliyev tərəfindən hər zaman hərbçilərə xüsusi diqqət göstərilir. Ölkə başçısının bu gün imzaladığı işğaldan azad olunan ərazilərdə xidmət edən hərbçilərin maaşlarının artırılmasını nəzərdə tutan sərəncamı bir daha bu qayğının növbəti təzahürüdür.
Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, işğal altındakı ərazilər azad edildikdən sonra bəzi hərbçilərin maaşlarında azalmalar müşahidə olunmuşdu: “Çünki həmin ərazilərdə faktiki olaraq döyüş tapşırıqları yekunlaşmışdı. Cənab Prezidentin yeni sərəncamı düşünürəm ki, hərbi qulluqçularının sosial təminatının yaxşılaşdırılmasına çox böyük töhfə olacaq. Bu sərəncamın 26 iyun – Silahlı Qüvvələr Günündən bir gün öncə imzalanması hərbçilərimiz üçün növbəti sevinc hissi oldu. Bildiyiniz kimi, bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlayan Ermənistan silahlı qüvvələri darmadağın edilib. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas edilib”.
Deputat onu da qeyd edib ki, dövlət başçısının 24 iyun tarixində imzaladığı sərəncamları ilə 76 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib:
“Əlbəttə ki, bu sayda insanın orden və medallara layiq görülməsi, onlara diqqətin artması vətən oğullarının qəhrəmanlığına olan münasibətdir. Azərbaycan Ordusu bu gündən sonra daha da güclü olmalıdır. Bir daha Prezident İlham Əliyevə 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində hərbçilərimizi sevindirəcək bir sərəncamı imzaladığı üçün təşəkkür edirəm. Hər kəs bu sərəncamdan çox məmnundur”.