Sərəncam: 5 il sonra eyni gündə eyni vəzifəyə təyin edildi

Sərəncam: 5 il sonra eyni gündə eyni vəzifəyə təyin edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

AzerTimes xəbər verir ki, E.İsayev 7 oktyabr 1979-cu ildə Naxçıvan MR, Babək rayon Məzrə kəndində anadan olub.

Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə alıb. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix filologiya fakültəsinin tarix ixtisasını, 2002 –ci ildə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib, Heydər Əliyev adına təqaüdə layiq görülüb.

2001-ci ildə təhsil sahəsində uğurlara görə “İlin ən yaxşı gənci” müsabiqəsinin qalibi olub. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.

2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar Elmlər” kafedrasının müdiri işləyib.

2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrası­nın dosenti olub. Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2018-ci il tarixli sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib, 3 dekabr 2019-cu ilədək instituta rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

2006-cı ildə “Böyük İpək yolu və Naxçıvan” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

1998-2001 –ci illərdə Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçib. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsində ictimai-siyasi şöbənin redaktoru kimi fəaliyyət göstərib, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verlişlərinin müəllifidir.

Əsas tədqiqat sahəsi beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüsan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak edib, ingilis, rus, alman, fars, türk, türkmən və Koreya dillərində elmi əsərləri çap olunub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Teqlər: