Serblərdən Kosovanın dinarla bağlı qərarına etiraz

Serblərdən Kosovanın dinarla bağlı qərarına etiraz

Kosovanın şimalındakı bələdiyyələrdə yaşayan serblər ölkədə avrodan istifadəyə başlanması və serb dinarından müvəqqəti istifadəyə icazə verilməsinə etiraz olaraq aksiya keçiriblər.

AzerTimes xəbər verir ki, Şimali Mitrovitsada baş tutan aksiyada nümayişçilər Kosova hökumətinin serblərin avrodan istifadəyə başlaması üçün qeyri-müəyyən keçid dövrü təklifinə etiraz ediblər.

Serblər avronun Kosovada nağd ödənişlər üçün yeganə valyuta kimi istifadəsini etirazla qarşılayıb, qərarı ədalətsiz adlandırıblar.

Kosova polisi aksiyanın dinc şəkildə başa çatdığını bildirib.

Qeyd edək ki, fevralın 1-dən etibarən Kosovada nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosova hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib. Keçid dövründə serb dinarından istifadə edənlərin cəzalandırılmayacağı və Serbiyadan maliyyə vəsaiti axınına qadağa qoyulmayacağı açıqlanıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç isə Belqradın Kosova serblərinə dinarla ödənişləri davam etdirəcəyini bildirib.

Teqlər: