Serbiya qaz mənbələrinin şaxələndirilməsi üçün “Cənub Qaz Dəhlizi”nə maraq göstərir – Nazir (Müsahibə)

Xəbər - Ləman Zeynalova – Trend:

Trend BİA-nın Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə özəl müsahibəsi

Enerji əməkdaşlığı

Nazir bildirib ki, Serbiya qaz mənbələrinin şaxələndirilməsi üçün “Cənub Qaz Dəhlizi”nə maraq göstərir:

“Serbiya “Cənub axını” və “Türk axını” kimi iri enerji layihələrinə diqqət göstərir və bu layihələrdə iştirak edir. Bu layihələr Rusiyadan qaz əldə etməyə imkan verir. Amma, biz əlbəttə ki, qaz mənbələrinin şaxələndirilməsini təmin etməyə hazırıq. Məhz buna görə biz Serbiya ilə Bolqarıstan arasında qaz magistralı yaratmaq niyyətindəyik. Bu magistral sayəsində bizim “Cənub Qaz Dəhlizi”nə qoşulmaq imkanımız olacaq. Biz bu layihədə iştirak etməkdə və Serbiyaya daxil olan enerji mənbələrinin şaxələndirilməsində maraqlıyıq”.

Serbiya şirkətlərinin Azərbaycanda rekonstruksiya layihlərində iştirak perspektivləri

“Azərbaycanda keçirdiyim ilk və ən yaxşı görüş Prezident İlham Əliyevlə olub. Bu görüş zamanı Serbiya şirkətləri Azərbaycanda rekonstruksiya layihələrində iştirak etmək üçün dəvət olunub. Biz, həmçinin iqtisadi və ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın altncı iclasını və biznes forum keçirdik. Bu tədbir zamanı ən yaxşı Serbiya şirkətləri bütün bu layihələrdə iştirak imkanı ilə bağlı təkliflərini irəli sürüb”.

Minalardan təmizlənmə prosesində əməkdaşlıq imkanları

Nazir qeyd edib ki, Serbiya minalardan təmizlənmə sahəsində Azərbaycanla öz təcrübəsini bölüşməyə hazırdır:

“Bizim şirkətlərimiz minalardan təmizlənmə üçün yaxşı avadanlıq təklif edir. Bu proses illərlə davam edə bilər. Siz bu problemin həllinə yaxşı hazır olmalısınız. Biz isə ən yaxşı təcrübəmizi təqdim etməyə hazırıq. Fikrimcə, bu, təkcə regionun deyil, həm də insanların təhlükəsizliyi üçün vacibdir, çünki mina hərbçi ilə qadın və uşaq arasında fərq qoymur. Serbiya dost ölkə olaraq bu prosesdə bütün növ köməyi təqdim etməyə hazırdır”.

Nəqliyyat əlaqəsi

“Ölkələrimiz arasında nəqliyyat rabitəsi barədə danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, Serbiya və Azərbaycanı böyük coğrafi məkan ayırır. Bu məkanı hava nəqliyyatı ilə qət etmək olar. Biz gələcəkdə insanlar, biznes və cəmiyyət arasında əlaqəni təmin etməliyik, təkcə məhsulların deyil, həm də insanların hərəkətini, turizmin inkişafını təmin etməliyik. Hesab edirəm ki, Belqradla Bakı arasında birbaşa aviaəlaqə təşkil olunmalıdır. Əminəm ki, bu, xalqlarımız arasında münasibətlərin və əməkdaşlığın inkişafına təkan verəcək”.

Ticarət münasibətləri

N.Selakoviç bildirib ki, Azərbaycanla Serbiya arasında ticari-iqtisadi münasibətlərin səviyyəsi yüksək siyasi münasibətlərə tam uyğun deyil:

“Bu ilin ilk beş ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi təxminən 27 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz çoxdur. Bu sahədə artım tendensiyası müşahidə olunsa da, daha sürətli inkişaf üçün imkanlar var. Bir tərəfdən, bizim Azərbaycanın “Azvirt” tikinti şirkəti ilə əməkdaşlıq təcrübəmiz var. İndi qarşıda duran vəzifə Serbiya şirkətlərinin Azərbaycanda iş istiqamətlərini müəyyənləşdirməkdir. Uğurlu iqtisadi əməkdaşlığın təmin olunması üçün Azərbaycan və Serbiya şirkətləri arasında birgə müəssisələr yaratmaq məqsədəuyğun olardı”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: