Serbiyada yeni viza qaydalarının tətbiqinə başlanılıb.
AzerTimes xəbər verir ki, buna səbəb Avropadan kənar ölkələrdən Serbiyaya gələnlərin sayının kəskin artmasıdır.
Viza rejiminin liberallaşdırılması ilə bağlı sazişin imzalandığı Hindistan, Kuba, Suriya, Tunis və Burundi kimi ölkələrin vətəndaşları son dövrlərdə Serbiyaya gələrək buranı Avropa Birliyi (AB) ölkələrinə keçmək üçün marşrut kimi istifadə etməyə üstünlük verirdilər. Avropa Komissiyası isə vizasız səyahət imkanı sayəsində Serbiyadan AB ərazisinə qeyri-qanuni miqrasiyanın mümkün qədər tez dayandırılmasını istəyib.
Oktyabr ayından etibarən Serbiya Burundi vətəndaşları üçün viza tələbini bərpa edib. Noyabr ayında eyni dəyişikliyin tunislilər üçün də ediləcəyi açıqlanıb. İlin sonuna kimi bir çox ölkə üçün viza qaydalarında dəyişiklik olunacağı gözlənilir.
Qeyd edək ki, cari ilin əvvəlindən Qərbi Balkan marşrutundan AB ölkələrinə 106 min nəfər daxil olub, keçən illə müqayisədə 170 faiz artım müşahidə edilib. Serbiyanın Hindistan, Tunis, Suriya, Kuba, Burundi kimi ölkələrlə vizasız səyahət müqavilələri var. Serbiya, həmçinin AB ilə viza rejiminin liberallaşdırılması sazişini imzalayıb.