Sərbəst güləş üzrə Azərbaycan millisi üçüncü dəfə Avropa çempionu olub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında
sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Millimiz qitə
birinciliyində tarixi uğura imza atıb.

Trend Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə
istinadla xəbər verir ki, baş məşqçi Namiq Abdullayev, böyük məşqçi
Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam
heyətlə yollanan yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı
Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq)
gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə
bürünc medal qazanıblar.

Yekunda 159 xal toplayan millimiz komanda hesabında Avropa
çempionu olub. Azərbaycan ikinci pillədə qərarlaşan Türkiyəni 18
xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb.
Beləliklə, sərbəst güləş üzrə yığmamız 3-cü dəfə Avropanın ən güclü
komandası ünvanına sahib olub. Millimiz 2009-cu ildə Litvanın
paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində
təşkil olunan analoji yarışlarda da qitə çempionu olub.

Qeyd edək ki, bu, sərbəst güləşçilərin son 1 ayda ikinci
uğurudur. Martın 7-13-də Bolqarıstanın Plovdiv şəhərində baş tutan
U-23 Avropa çempionatında da müvafiq millimiz komanda hesabında
birinci yeri tutmuşdu.

Teqlər: