Bu gün BMT Təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyət” müzakirə olunacaq.
AzerTimes xəbər verir ki, Ermənistan iclasda “humanitar fəlakət” iddialarını gündəmə gətirməyə və Laçın sərhəd-keçid məntəqəsinin yüklər üçün açılması üçün Azərbaycana qarşı qərarın qəbul edilməsinə çalışacaq. Siyasi və hüquqi şərtlər Ermənistanın uğursuz olacağını öncədən proqnozlaşdırmağa imkan verir.
Lakin Ermənistanın və Qarabağdakı separatçıların öz iddialarını daha da təsirli etmək, eləcə də “arqument”lər göstərmək üçün bu gün müəyyən addımlar ata biləcəyi gözləniləndir. Bu addımları bir neçə istiqamətdə dəyərləndirmək olar.
Birincisi, “humanitar fəlakət” iddiasını ispat etməkdir: artıq dünəndən etibarən Qarabağda “aclıqdan ölüm halları”nın olduğuna dair dezinformasiyalar tirajlanmağa başlayıb, hətta bunun üçün xüsusi hazırlanmış fotolardan da istifadə olunur; bununla bağlı yeni feyk-nyusların yayılacağı istisna deyil;
İkincisi, Xankəndidə nümayişlərin keçirilməsi ola bilər: dünən axşamdan separatçıların tapşırığı ilə bir qrup erməni Rusiya sülhməramlılarının qərargahı önünə göndərilib; məqsəd beynəlxalq ictimaiyyətə “əhali etiraz edir” görüntüsünü nümayiş etdirməkdir, həmçinin, Təhlükəsizlik Şurasının üzvü olan Rusiyaya bu yolla təzyiq göstərməyi də düşünə bilərlər;
Üçüncüsü və ən əsası, separatçıların təxribat hücumu ilə silahlı qarşıdurma yaratması ehtimalıdır: artıq günlərdir qanunsuz hərbi birləşmələrin döyüş mövqeləri hazırladığına dair məlumatlar, görüntülər yayılır, istisna deyil ki, məhz bu gün təxribat törədə, mümkün qarşıdurmada mülki əhalinin zərər görməsinə nail olaraq, BMT TŞ-də “ermənilərə qarşı soyqırımı” iddialarını qaldıra bilərlər, xüsusilə atəş nöqtələrinin mülki evlərin yanında qurulması buna hesablanmış addımdır;
BMT TŞ-də ermənilər üçün ürəkaçan nəticənin olacağı gözləntisi azdır, lakin Xankəndidə nələrin baş verəcəyinə də diqqət etməli, informasiya və hərbi müstəvidə edilə biləcək təxribatlara qarşı hazırlıqlı olmalıyıq.