Separatçı rejim çökdü, erməni əhalisi… – Xankəndidə nə baş verir?

Separatçı rejim çökdü, erməni əhalisi… – Xankəndidə nə baş verir?

Xankəndidə separatçıların vəziyyəti getdikcə daha da çətinləşir.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun son əməliyyatlarından sonra separatçıların alternativ olaraq istifadə etdikləri yollar nəzarətə götürülüb. Laçın yolundan isə yalnız humanitar yüklər daşındığı üçün, separatçılar mövcudluqlarını qoruya bilmək məqsədilə hərbi və digər təchizat yüklərindən məhrum olublar.

Bu vəziyyət Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələsini daha da aktuallaşdırır. Ermənistan və separatçılar “blokadanın” olduğunu, “ərzaq qıtlığı” yaşadıqlarını iddia etsələr də, Rusiya sülhməramlılarının 2022-ci ilin 12 dekabr tarixindən (Şuşa yolunda aksiyanın başlandığı gündən) 2023-cü ilin 8 mart tarixinə qədər Qarabağdakı ermənilər üçün daşıdığı tonlarla ərzaq və gündəlik təlabat mallarının siyahısı bunun yalan olduğunu isbat edir.

Lakin burada problem fərqlidir: yolları bağlanan və Bakının nəzarəti altına düşən separatçılar erməni əhalisi üzərində də təsir imkanlarını itirirlər.

Separatçıların ərzaq məhsullarının satışına kupon tətbiq etməsi ermənilər arasında narazılıqla qarşılanır. Son məlumata görə, aprelin 3-dən yeni kuponların verilməsinə başlanılıb. Kuponlar öncə tərəvəz məhsullarına aiddir: yerkökü, çuğundur, kələm, soğan, xiyar və pomidor;

Qondarma rejim iddia edir ki, tərəvəz məhsulları, eləcə də digər ərzaqların təminatında problem var. Halbuki, sülhməramlıların son 5 ayda Qarabağa daşıdığı yüklərin siyahısı bunu təkzib edir. Misal üçün, kuponla verilən kələm 134 ton təşkil edib və ya 80 ton yerkökü, 90 ton soğan gətirilib və s. Bu qədər məhsulun gətirildiyi halda, qıtlıq yaşanması suallar yaradır. Bu haqda iki məlumat var:

Birincisi, separatçı rejim “ərzaq qıtlığı” görüntüsü yaratmaq üçün məhsulları gizlədir;

İkincisi, sülhməramlılarla birlikdə gətirilən ərzaqları daha baha qiymətə sataraq, pul qazanırlar: məhsulun bazara az çıxarılması da qiymətini bahalaşdırmaq məqsədi daşıyır;

Erməni əhalisi bu maxinasiyalar haqda məlumatlıdır, lakin bəzən müəyyən etirazlar edilsə də, əksəriyyət təzyiq altında susmağa üstünlük verir.

Bu susqunluğun uzun çəkməyəcəyi gözləniləndir. Çünki müharibədən sonra separatçıları qondarma rejimi saxlaya bilməsi üçün işğal dövründə taladıqları Azərbaycan resursları əllərindən çıxıb. Laçın yolunda aksiyanın başlanmasından sonra isə ciddi itkilərlə üzləşiblər.

Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan hazırladığı hesabatda qeyd edir ki, aksiyanın başlanmasından ötən 100 gün ərzində Xankəndidəki qondarma rejimə 165 milyon dollar məbləğində sosial-iqtisadi ziyan dəyib.

“Hər gün ümumi maliyyə və iqtisadi itkilər ən azı 651 milyon dram (1,6 milyon dollar) təşkil edir. Əhalinin gəlirlərinin azalmasını da nəzərə alsaq, bu rəqəm 1,9 milyon dollardır. Bu vəziyyətdə Ermənistan hökumətinin 25 milyon dollarlıq maliyyə dəstəyi qeyri-kafidir”, – hesabatda bildirilir.

V.Aramyanın sözlərinə görə, Qarabağda 16,2 min erməni işsiz qalacaq. Erməni əhalisinin təminatı da daxil olmaqla separatçı rejimin gündəlik maliyyə yükü 136 milyon dram (344 min dollar) qiymətləndirilir. Əhlinin təminatını çıxsaq, yəni ayda əhaliyə cəmi 68 min dramın ödənildiyini nəzərə alsaq, maliyyə yükü 92 min dollar olacaq.

“Toplanan (qondarma) vergilər də azalacaq, söhbət gündəlik 81 milyon dramdan, yaxud 204 min dollardan gedir. Bu da “büdcə xərcləri”nin müəyyən hissəsindən məcburi imtinaya səbəb olacaq. Eyni zamanda, gələcəkdə zərərin azaldılması, yaxud oxşar şokların aradan qaldırılmasına görə xərclər artacaq. Bu vəziyyət uzun müddət davam edərsə, o zaman, ümumiyyətlə iqtisadiyyat məhv olacaq, ancaq kənardan gələn pul hesabına istehlak olacaq”, – o bildirib.

Məlumatlar göstərir ki, Qarabağdakı separatçı rejim artıq küncə sıxılıb.

Teqlər: