Yenə də sionist cinayətkar rejim (İsrail nəzərdə tutulur – red.) Suriyanın hava məkanını açıq şəkildə pozaraq müşavir qiyafəsində Suriyada iştirak edən və Əli əhlinin (şiələr nəzərdə tutulur – red.) mühafizəsində olan İran İslam Respublikasının 5 hərbi müşavirini və Suriya qüvvələrinin bir neçə əsgərini qətlə yetirib.
AzerTimes xəbər verir ki, bu sözlər İran Prezidenti İbrahim Rəisinin bu gün Dəməşqə endirilən zərbə nəticəsində SEPAH zabitlərinin ölməsi ilə bağlı başsağlığı məktubunda əksini tapıb.
“Bu qorxaq sui-qəsdi pisləyərək, İranın möhtərəm məsləhətçiləri Höccətullah Ümidvar (Əməliyyat adı Hacı Sadıq, Qüds briqadası komandirinin təhlükəsizlik üzrə müavini – red.), Əli Ağazadə, Hüseyn Məhəmmədi, Səid Kərimi və Məhəmməd Əmin Səmədinin şəhadətini ali rəhbər və Ali Baş Komandana (Əli Xamenei nəzərdə tutulur – red.) təqdim edirəm.
Şübhəsiz ki, qeyri-qanuni sionist rejimin öz çirkin məqsədlərinə çatmaqda uğursuzluğunun artmasına, müqavimət cəbhəsi döyüşçüləri qarşısında çarəsizliyinin və acizliyinin dərinliyinə dəlalət edən bu cür terror və cinayət əməlləri cavabsız qalmayacaq”, – o bildirib.
Qeyd edək ki, İsrail ordusu bu gün Dəməşqdə SEPAH zabitlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya zərbə endirib. Nəticədə bina tamamilə dağılıb, H.Ümidvar da daxil olmaqla, SEPAH-ın 5 hərbi müşaviri və suriyalı hərbçilər ölüb.