Azərbaycan sərhədində hərbi təlimlər keçirən, Araz çayı üzərindən “körpü atılması” ssenarisi ilə Bakıya qarşı “müdaxilə ssenarisi” mesajı verən SEPAH-ın rəsmi Tvitter səhifəsində təlimlərlə bağlı Xudafərin körpüsünün də əks olunduğu video yayımlayıb.
“SEPAH işğal altındakı Şimali Azərbaycan əyalətində yaşayan iranlılara mənalı mesaj göndərib” qeydi də videoya əlavə edilir. Bunun Xudafərinin azad olması tarixində (18 oktyabr) tirajlanması da Bakıya ünvanlanmış “mollasayağı” mesajdır.
Təlimlərlə bağlı İran tərəfinin rəsmi açıqlamasında “sülh və qardaşlıq” ifadələri yer alsa da, günlərdir sosial şəbəkə və media üzərindən Azərbaycana qarşı açıq mətnlə təhdidlər irəli sürülür.
SEPAH-ın komandanı Hüseyn Salami də təlimlərin açılış mərasimində “Bizim qırmızı xəttimiz odur ki, sərhədlərdə heç nə dəyişilməsin, bölgənin bir küncündə hər hansı dəyişiklik olsa, tərəfsiz qalmayacağıq” sözləri ilə niyyətlərini rəsmi şəkildə bəyan etdi.
Bu təhdidlərə baxmayaraq, İranın bölgəyə hərbi-siyasi təsir imkanları heç olmadığı qədər məhduddur. Bu haqda əvvəl də yazmışdıq: Ermənistan ərazisindən bölgəyə müdaxiləsinə nə Rusiya, nə Qərb razı olar; Azərbaycan ərazisinə istənilən müdaxilə Türkiyə ilə üz-üzə gəlməklə yanaşı, Rusiyanın bölgədəki hazırki maraqları və Qərbin maraqları ilə toqquşmaq deməkdir;
İran bölgədə faktiki təklənmiş vəziyyətdədir, aqressiya və hərbi təhdidlərə də siyasi masada sözünün eşidilməməsinə görə əl atır. Lakin təxribat xarakterli – “terror təhdidi”, “İran ərazisinə təhdidin yaranması”, “sionizm” və s. – addımlarla vəziyyəti gərginləşdirmək istəyəcəyi də istisna deyil.
Hərçənd, mollalar reallığı qəbul etmək istəməsə belə, bölgədə vəziyyət 27 sentyabr 2020-ci il tarixindən əvvəlki kimi deyil və heç vaxt əvvəlki kimi olmayacaq da.