SEPAH generallarını MOSSAD-a özü satıb – Sensasion iddia

SEPAH generallarını MOSSAD-a özü satıb – Sensasion iddia

“Araz Nyus” kanalı SEPAH komandirlərinin Dəməşqdə öldürülməsi ilə bağlı maraqlı detalları açıqlayıb.

AzerTimes xəbər verir ki, kanal SEPAH komandirlərinin ölümündə ittiham barmağının elə SEPAH komandirlərinin özlərinə uzandığını qeyd edib.

Məqalədə ilk diqqət çəkən məqam isə İsrail kəşfiyyatının İranın daxilinə rahat bir şəkildə sızması və varislik uğrunda törədilən qanlı savaşa işarədir:

“Sual budur ki, xarici kəşfiyyat xidmətləri İran kəşfiyyatına və SEPAH komandirlərinin dərinliyinə qədər nüfuz edibmi? İranın Dəməşqdəki konsulluq binasının hədəfə alınmasından, yüksək rütbəli komandirlərinin və kəşfiyyat müşavirlərinin öldürülməsindən sonra İsrail kəşfiyyatının koordinatlara, hərəkət marşrutuna və iclasın vaxtına necə çıxışı olması haqqında şayiələr yayılıb. Bəziləri FTB və MOSSAD-ın İranın kəşfiyyat qurumlarına sızdığını iddia edir. Bəzi ekspertlər isə hesab edirlər ki, rəhbərlik səviyyəsindəki siyasi fikir ayrılıqları, Xameneinin varisliyi və Müctəba Xameneinin (Xameneinin oğlu – red.) canişin təyin edilməsi ilə bağlı siyasi müzakirələr SEPAH daxilində qanlı təmizləmələrə səbəb olub. Çox güman ki, rəqiblər bir-birini proksi müharibələr vasitəsi ilə aradan qaldırır. Dəməşqdə hücuma uğrayan binada Qüds qüvvələrinin komandan müavini Sərdar Məhəmmədrza Fəllah və Qüds qüvvələrinin kəşfiyyat komandirlərindən olan Sərdar Səid İzəddinin də iştirakı nəzərdə tutulurdu. Lakin naməlum səbəblərdən hər ikisi hücum baş verəndən sonra ora gəliblər. Baxmayaraq ki, Sərdar Səid İzəddinin bu iclasda iştirak edəcəyi haqda məlumat var idi və hücumdan həmən sonra yayımlanan xəbərlərdə İzəddinin də öldüyü deyildi. Lakin daha sonra xəbər təkzib edildi. İndi isə ittiham barmağı Müctəba Xameneinin varisliyi məsələsində Sərdar Zahidi ilə fikir ayrılıqları olduğu deyilən bu iki generala tuşlanıb. Konsulluğun hədəf alınması və komandirlərinin öldürülməsi, bu iki generalın iştirakının gecikdirilməsi, onların ölüm xəbərinin dərci və sonradan təkzib edilməsi Baş nazirlik ofisinin partlayış hadisəsi və Kəşmir məsələsini yenidən yada salır”.

Teqlər: