Sensasion ifşa: Parisin Bakıya aqonik hücumuna hazırlaşın!

Sensasion ifşa: Parisin Bakıya aqonik hücumuna hazırlaşın!

İkinci Qarabağ savaşı zamanı Azərbaycan xüsusi xidmət orqanlarının necə peşəkar olduğu bir daha üzə çıxsa da, etiraf edək ki, onların məhz bu həcmdə əməliyyat həyata keçirmək gücündə olduğunu təxmin edə bilməzdik. Bu, Azərbaycan xüsusi xidmət orqanlarının inanılmaz peşəkarlığının nəticəsidir. Nəzərə alın ki, casus şəbəkəsi təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova, Gürcüstan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində də fəaliyyət göstərib. Bu qədər böyük arealı əhatə edən geniş casus şəbəkəsini Azərbaycan xüsusi xidmət orqanlarının ifşa etməsi çox mühüm hadisədir. Yaxın tariximiz üçün bu həcmdə casus şəbəkəsi ifşası əməliyyatını xatırlamıram.

Bu sözləri AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun baş direktoru Aynur Camal Fransanın casus şəbəkəsinin ifşa edilməsi və Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatının ölkədən çıxarılması haqda danışarkən qeyd edib.

O bildirib ki, Fransa sıradan ölkə deyil:

“Fransa BMT TŞ-nin daimi üzvlərindən biri, nüvə gücü, Avropa Birliyinin siyasi lideri, dünyanın bir çox regionunda təsir dairəsi olan ölkədir. Fransanın bu statusu İkinci Dünya müharibəsindən sonra formalaşıb və hazırkı dünya nizamında edilən dəyişikliklərdə də Fransa öz mövqeyini nəinki qorumaq, hətta genişləndirmək iddiasını ortaya qoyur. Ancaq təəssüf ki, belə deyək, Şarl de Qolla qətiyyən layiq olmayan varisi qeyri-peşəkar siyasəti, ədalətsiz yanaşmaları və aşırı ambisiyaları ilə Fransanın nüfuzunu sarsıtmağa davam edir. Bir müqayisə etmək istərdim: dünya tarixində elə bir dövlət olmayıb ki, müharibədə məğlub olmasına baxmayaraq, qaliblərin cərgəsində yer alsın və yeni dünya düzəninin qurulmasında iştirak etsin. Fransa İkinci Dünya savaşında işğal olunmuşdu, yalnız Şarl de Qollun müstəsna mübarizəsi və siyasəti sayəsində 1945-ci ildə qalib kimi mühakimə edənlərdən oldu. Makron isə dünyada söz sahibi olan Fransanın mənəvi-siyasi sərhədlərini sürətlə kiçiltməklə məşğuldur. Fransanın Afrikadan sıxışdırılması və qitənin itirilməsi də bu yanlış siyasətin nəticəsidir”.

Politoloq qeyd edib ki, Fransa Cənubi Qafqazda bu və ya digər şəkildə hər zaman mövcud olub:

“Bu, hələ Ermənistanda 1988-ci ildə baş verən Spitak zəlzələsində xarici ölkələrdən gələn xilasedicilərdən birincisinin fransızlar olmasında da özünü göstərmişdi. Nəzərə alın ki, həmin vaxt SSRİ mövcud idi. Sonrakı proseslərdə də Fransa öz siyasi təsir imkanlarını qorudu, təsadüfi deyil ki, Minsk Qrupunun 3 daimi üzvündən biri məhz Fransa idi. Ancaq Azərbaycanın xoş münasibətinə və Parisin dünya miqyasındakı statusunu qəbul etməsinə rəğmən, bu ölkənin xüsusilə Makronun dövründə tam və qəti şəkildə Ermənistanın tərəfində çıxış etməsi güclənən və regionun liderinə çevrilən Azərbaycanı sürətlə itirməsi ilə nəticələndi. Görün, Fransa siyasəti hansı səviyyəyə düşür ki, onun lideri Paşinyandan daha artıq ermənipərəst olduğunu erməni diasporu ilə keçirdiyi görüşdə dilə gətirir, Əliyevlə baş tutan görüşdən sonra Fransadakı erməni diasporunun həmsədri Papazyana hesabat verir. Ölkəsindəki bir diaspor rəhbərinə hesabat verəcək səviyyəyə enən liderin fiaskosu proqnozlaşdırılan idi”.

A.Camal qeyd edib ki, Fransa xüsusi xidmət orqanlarının Azərbaycan da daxil olmaqla, regionda fəaliyyət göstərməsi qeyri-adi qarşılanmamalıdır:

“Ancaq məsələ bu fəaliyyətin əhatə dairəsi, məqsədi, əməliyyatlara casusların cəlb edilməsi və böyük şəbəkənin yaradılmasıdır. Yəni Fransanın hansısa formada Azərbaycana siyasi təzyiq forması olaraq atdığı addımlar yeni deyil. Hələ 2000-ci illərin əvvəllərindən Fransa Azərbaycandan “siyasi mühacir idxalının mərkəzi” funksiyasını yerinə yetirib. Xatırlayırsınızsa, Avropa ölkələrindən yalnız Fransa bu məsələdə liderlik edirdi və bunu da söz azadlığı, Fransanın AB-nin siyasi mərkəzi olması, insan haqlarının qoruyucusu və s. ilə pərdələməyə çalışırdı. Ancaq “idxal etdiyi” “fəallardan” sonradan “söyüş müxalifəti” kimi açıq istifadəyə keçməsi, Cənubi Qafqazdakı keçmiş münaqişədə beynəlxalq hüquq normalarından tamamilə uzaqlaşması, yeni reallığa uyğun davranmaq əvəzinə Ermənistanı silahlandırması, hərbi ritorikaya əl atması – yəni qeyri-hüquqi, qeyri-əxlaqi siyasi, beynəlxalq normalara zidd hərbi hədə cəhdləri Makronun Afrikada olduğu kimi, Cənubi Qafqazda da uğursuzluğunu şərtləndirdi. Fransa yeni münasibətləri nəzərə almadan vertikal siyasət tətbiq etməyə çalışdı, qarşısındakı liderin dünya diplomatiyasının ən parlaq şəxsi olduğunu düşünə bilmədi və Əliyevin öz milli maraqlarını qorumaq üçün bütün potensialını səfərbər edəcəyini də düşünmədi. Çünki Makronun İQ-i Fransanın siyasi statusundan çox-çox aşağıdır və təəssüf ki, o, Fransanı da öz İQ səviyyəsinə salmağı bacardı”.

Politoloq hazırkı əməliyyatın bir neçə məqamına da diqqət çəkib:

“Əvvəla, Azərbaycan xüsusi xidmət orqanlarının ölkə sərhədlərini çox-çox aşan irimiqyaslı casus şəbəkəsini ifşa etməsi həddən artıq böyük əməliyyatdır və yəqin ki, dünyanın ən güclü kəşfiyyat xidmətləri belə bu şəbəkəni Azərbaycanın ifşa edəcəyini gözləmirdi. Bu, regionun siyasi, iqtisadi lideri olan Azərbaycanın xüsusi xidmət orqanlarının dövlətin hazırkı statusuna adekvat olmasının göstəricisi kimi mühüm faktdır.

İkincisi, DTX bu cür əməliyyatın keçirilməsi və detalları barədə heç bir rəsmi açıqlama verməyib, bu fakt xarici media tərəfindən Fransadakı mənbələri istinadla tirajlanıb. Yəni Azərbaycan xüsusi xidmət orqanları yenə peşəkar davrandı, həmkarlarının qeyri-adekvat fəaliyyətlərinin ifşasından sui-istifadə etmədi. Halbuki bundan istifadə də normal qarşılanardı.

Üçüncüsü, Azərbaycan xüsusi xidmət orqanları ölkənin maraqlarını onun sərhədlərindən kənarda da qorumaq imkanını ortaya qoydu, üstəlik, özündən heç də zəif olmayan ölkələrdəki casus şəbəkəsini ifşa etməklə, bu dövlətlərdə də nüfuzunu gücləndirdi”.

A.Camal onu da vurğulayıb ki, Fransa kəşfiyyatının bu geniş əməliyyatın ifşasından doğan panik-aqressiv hərəkətlərinə artıq hazır olmalıyıq:

“Söhbət əlbəttə ki, xüsusi xidmət orqanlarından getmir – Azərbaycan da daxil olmaqla, bir neçə ölkədəki casus şəbəkəsini və 600-dən çox casusu ifşa edən qurum, demək, hər şeyə hazırdır. Məsələ cəmiyyət olaraq bizim hazırlığımızdan gedir. Fransa kəşfiyyatının “əks-hücum” ehtimalı çox yüksəkdir, rezidenturanın hədəfində isə həmişəki kimi, siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, ölkə ictimaiyyətinin tanınmış simaları olub və olacaq. İki fransız diplomatın ölkədən çıxarılması Fransa səfirliyinin agentura mərkəzi rolunu tərk etdiyi anlamına gəlmir. Bu baxımdan Azərbaycan ictimaiyyəti Fransa səfirliyinin təşkil etdiyi siyasi və ya qeyri-siyasi mərasimlərə daha həssas yanaşmalı, fransız diplomatlarla əlaqələrində istifadə edilmə ehtimallarını nəzərə almalı, hətta Fransanın elm və mədəniyyət xadimlərinə təqdim etdiyi müxtəlif mükafatları qəbul edəndə, bu ölkəyə təşkil edilən səfərlərə dəvət alanda iki dəfə düşünməlidirlər”.

Teqlər: