Şəhidimizin adı, kitabı üçün keçirilən tədbirin olacağı məkana gələ-gələ başımı qaldıranda hansı küçədə olduğumu görüb dayandım: “Mehbalı Zeynalabdıyev küçəsi”.
Zabitlər Evinə çatanda artıq qələbəlik var idi. Sanki Mehbalı Zeynalabdıyev yenicə şəhid olub, yaxınlar da yığışıb bayrağa bükülü tabutunu gözləyir…
Zala daxil olub, əyləşirik. Çox keçmir ki, bir dəqiqəlik sükut və Azərbaycan himni ilə başlayan tədbirdə şəhid haqqında geniş videoçarx təqdim edilir: o videoda Birinci Qarabağ müharibəsi şəhidimiz Mehbablı Zeynalabdıyevin keçdiyi döyüş yolu əks olunub.
Doğrudan da balaca bir ömrə bu qədər böyük işlər sığdırmaq asan məsələ deyil. Bu, cəsarət, ürək, sevgi, mərdlik istəyir ki, onun da hamısı Mehbalı Zeynalabdıyevin simasında, qəlbində cəmlənmişdi.
Kəlbəcərdən, Murovdan, Füzulidən – bütün Qarabağdan kəşfiyyat xəbərlərini verən, döyüşlərə qatılan və sonda şücaətlə şəhid olan Mehbalıya tədbirə toplaşanların sevgisi bir daha təsdiqləyirdi ki, şəhidlər ölmür, heç nə unudulmur, heç nə yaddan çıxmır.
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərd etmirsiniz”. (Bəqərə sürəsi, 154-cü ayə).
İlk söz şəhidin anasına – Zəhra anaya verilir. Qəhərdən danışa bilmir, onun yerinə isə göz yaşları danışır və sadəcə, bunu deyə bilir:
“Səninlə fəxr edirəm, darıxıram, Mehbalı”.
Təkcə bu cümləyə doluxsunmamaq mümkün deyil…
Şəhidin böyük qardaşı Əli Zeynalabdıyev də qardaşı haqqında sevgiylə, ağız dolu danışır, onun uşaqkən də necə biri olduğunu deyir, fəxr etdiyini bildirir.
Tədbirdə çıxış edən keçmiş maliyyə naziri Əvəz Ələkbərov da şəhidlərimizin qələbədəki rolundan söz açır.
Baş çavuş, kəşfiyyatçı Mehbalı Zeynalabdıyevin kitab və elə həm də şəhidlik törəninə qatılanda düşünmüşdüm:
“30 ildir Azərbaycanda şəhidlər üçün tədbir keçirilir, amma indiyədək bu tədbirlərin mahiyyəti başqaydı. Belə ki, hər kəs bir araya yığılıb gələcək haqqında ümidlər, tökülən qanların yerdə qalmayacağına dair vədlər verirdi”.
Bəli, gün həm də bu gündür. Gələcək gəldi, verilən vədlər tutuldu – bir damla qan da yerdə qalmadı.
O qan alan, o zabit andı içib, ölüm şərbətin dadıb döyüşə qatılan komandirlərdən biri də məhz Mehbalı Zeynalabdıyevdir. Göyçə mahalında qəhrəman olaraq dünyaya gələn komandir, cəmi 20 bahar yaşaya bildi, amma bir ömür ürəklərdə qaldı.
Bunu elə bu tədbirin gedişatından da bilmək olurdu. Doğmaları, şəhid ailələri, hərbçilər, oxucular – hamısı onun gözlərini ədəbi yumduğu qaranlıq dünyasının işığına yığışmışdı. Hansı ki, o hərbçilər həm də canlı şəhidlərdir.
Şəhid Mehbalı Zeynalabdıyevə həsr olunan, həyat yolundan danışan kitabın müəllifi Rüfət Hüseynli isə öz növbəsində kitabın necə ərsəyə gəlməsi, bunu hansı sevgiylə yazması haqqında söz açdı, Mehbalının döyüşdə nələr etdiyindən danışdı.
Kitabın redaktoru Fərzalı Rüstəmli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, şəhidin döyüş yoldaşı Sərxan bəy və onun bacısı, şəhid gizir Ramil Rüstəmovun atası da çıxışlar edərək Mehbalıdan, ümumən bütün şəhidlərdən sevgiylə danışıb, yad etdilər.
Tədbir şəhidlərə həsr olunan şeirlər, sözlərlə başlayıb, solistlərin vətənpərvər ifaları ilə davam etdi.
Qarışıq hisslərlə oradan ayrılıb düşünürəm:
“Belə tədbirlərin təşkilatı üçün çox adama təşəkkür düşür. Amma bu tədbirlərdə alnıaçıq, rahatlıqla iştirak etməyimiz üçün isə məhz Mehbalı Zeynalabdıyev və onun timsalında bütün şəhidlərə Allahın rəhməti olsun”.
Qapıdan çölə çıxanda tədbir boyu dodağaltı mızıldandığım Musa Yaqubun misralarını da xatırladım:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm, bir ovuc torpağın artsın!