Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.
AzerTimes xəbər verir ki, zəlzələdən sonra bir müddət öncə Bakıya qonaq gələn tanınmış türk alim, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngörin proqnozu gündəmə gəlib.
2023-cü ilin mayın 3-cü ongünlüyündə Bakıda səfərdə olan alim yerli mediaya açıqlamasında demişdi ki,Azərbaycanın seysmoaktiv zonada yerləşir:
“Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7,5 bala qədər olma ehtimalı var”.
Qeyd edək ki, türkiyəli alimin bu sözlərini AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli təkzib etmiş, hətta “o adında biri” haqda heç vaxt eşitmədiyini demişdi:
“Soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şəngör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya… Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin”.