Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin birinci rübündə Səngəçal terminalından 60 milyon bareldən çox neft və qaz kondensatı ixrac edilib.
AzerTimes bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.
Bu göstəriciyə Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilən 52 milyon barel, və Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilən 8 milyon bareldən artıq neft və qaz kondensatı daxildir.
Qeyd edək ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz boru kəməri, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
(Tərcümə: Orxan Nəbiyev)