Xəbər - Fərid Zöhrabov – Trend:
Hökumət Bakıda və digər ərazilərdə kənd təsərrüfatı və digər
təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin taleyi ilə bağlı
məsələyə aydınlıq gətirib.
AzerTimes-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün
hesabatına əksini tapıb.
Hesabatda qeyd edilib ki, torpaq sahələrinin kateqoriyalarının
dəyişdirilməsi Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli
qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları ”na
uyğun olaraq həyata keçirilir. Qaydalara uyğun olaraq, torpaq
sahəsinin katetoqriyasının dəyişdirilməsi barədə vəsatət
qaldırıldığı və müvafiq sənədlər təqdim edildyi təqdirdə torpaq
sahəsinin kateqoriyasının dəyişdirilməsi məsələsinə müəyyən olunmuş
qaydada baxılır.
Eyni zamanda “Aqrar sahədə istehsalın və emal sənayesinin
inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının
icrası olaraq torpaqların kateqoriyalara aid edilməsi, onların bir
kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatın
dəyişdirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi
barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və
aidiyyatı dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Hesabatda bildirilib ki, bundan əlavə “Azərbaycan
Respublikasında bəzi torpaqlardan səmərəliliyin artırılması
haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbərinin 2019-cu il 13 may tarixli sərəncamı ilə müvafiq İşçi
Qrupu yaradılıb: “İşçi Qrupun fəaliyyəti nəticəsində qüvvədə olan
şəhərsalma norma və qaydalarına tam riayət edilməməklə tikilmiş
fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin
hüquqi müqəddəratı ilə bağlı təkliflər Prezident Administrasiyasına
təqdim edilib”.