Xəbər - Fərid Zöhrabov -Trend:
Bu günün aktual problemlərindən biri də istər fərdi tikililərdə, istərsə də çoxmərtəbəli binalarda yaşayan vətəndaşların mülkiyyət sənədi ala bilməməsidir.
Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda beş yüz mindən çox çıxarışı olmayan fərdi yaşayış evləri var. Bunun əsas səbəbi isə torpaqların təyinatının fərqli olmasıdır. Həmin evlər yaşayış massivlərində deyil, digər təyinatlı torpaq sahələrində tikilib.
Ekspert qeyd edib ki, bölgələrdə vəziyyət Bakı və Abşeronla müqayisədə bir qədər fərqlidir. Çünki bölgələrdə bələdiyyələr və icra nümayəndələri vətəndaşlara torpaq sahəsi ayırır.
“Turizm bölgələrimizdə torpaq sahələrinin sənədləşməsi ilə bağlı problem yaranmır. Evlərin sənədləşdirilməsi ilə bağlı isə maarifləndirilmə az olduğundan əksər şəxslər evini sənədləşdirmir.
Dövlət büdcəsi evlərin sənədləşdirilməməsindən milyonlarla manat pul itirir. Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər. Çıxarışı olmayan yüz minlərlə ev var. Hazırda ən çox alqı-satqı prosesləri də çıxarışı olmayan evlər üzərində aparılır. Çünki belə evlərin qiyməti nisbətən ucuzdur. Bu evlərin çıxarışı olsa, hər alqı-satqıdan evin kvadratına görə dövlət büdcəsinə vergi daxil olar, icbari sığortaya cəlb olunar, notariusa, reyestr xidmətinə rüsum pulu ödənilər”, – deyə ekspert bildirib.