Senatda Bakıya qarşı səsvermədə şok: yekdilliklə… – Foto

Senatda Bakıya qarşı səsvermədə şok: yekdilliklə… – Foto

Xəbər verdiyimiz ki, Fransa Senatı bu gün Azərbaycan əleyhinə olan qətnaməni qəbul etdi. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Qətnamənin heç bir praktik əhəmiyyəti yoxdur, yalnız tövsiyə xarakterlidir. O ki qaldı hökumətin bu “tövsiyəyə” reaksiyasına, Fransa Azərbaycandan neft və qaz alışına qadağa qoymaz, xüsusilə Rusiyanın enerji daşıyıcılarından azad olmaq istəyən AB-nin siyasi mərkəzi bu addımı atmaz. Hətta atsa belə, Fransanın nəyi qadağan edəcəyi müzakirə edilməlidir – çünki Azərbaycan qaz və nefti Fransaya ixrac olunmur.

Qəbul olunacağı heç bir şübhə doğurmayan bu qətnamənin əsas mahiyyəti məhz siyasidir. Fransa Senatı 2020-ci il 10 noyabr bəyanatı imzalanandan – Ermənistanın kapitulyasiyasından və Dağlıq Qarabağ münaqişəsi tarixə gömüləndən sonra “dqr”in “müstəqilliyini” tanımaq təşəbbüsü ilə də qətnamə qəbul etmiş və hökumətə “tövsiyə” vermişdi.

Fransa Senatında Azərbaycana qarşı və beynəlxalq ictimai rəyə təsir etmək məqsədi güdən növbəti kampaniyada diqqəti çəkən məqam isə səsvermədir. Təqdim etdiyimiz fotodan da görünür ki, 332 deputatdan səsvermədə 296-sı iştirak edib və 295 nəfər lehinə səs verib, əleyhinə çıxan yalnız bir nəfər olub. Sosial şəbəkədə yayılan məlumata görə, əleyhinə çıxan senator türk əsillidir.

Maraqlıdır, Fransa Senatında Azərbaycanı dəstəkləyən deputatlar da var. Onlar niyə səsvermədə iştirak etməyiblər? Və ümumiyyətlə, bu qətnamənin qəbul edəcəyi gün kimi aydın olsa da, Azərbaycanın səfirliyi və diasporu niyə azacıq da olsun, müqavimət göstərməyib? Ən azı səsvermənin bu cür “yekdil” olmasına qarşı mübarizə aparmaq və həqiqəti Senat tribunasından səsləndirmək fürsətini qaçırmaq olmazdı.

Zəruri olaraq xatırladaq ki, XİN-in sabiq mətbuat katibi Leyla Abdullayeva Fransaya yeni səfir təyin edilib. Onun etimadnaməsini ölkə rəhbərliyinə təqdim edib-etmədiyi və fəaliyyətə başlayıb-başlamadığı haqda da məlumat yoxdur.

Belə məlum olur ki, L.Abdullayeva və səfirliyimiz bununla bağlı fəaliyyətə heç fürsət də tapmayıb…

Teqlər: