Sən məzara qoyulunca Qardaşların qisasını aldı

Sən məzara qoyulunca Qardaşların qisasını aldı

Ötən gün əsgər Anar Kazımov şəhid oldu.

Anar 2004-cü ildə Şəmkir rayonunun Qaracəmirli kəndidə doğulub. O, bu ilin aprelində hərbi xidmətə çağırılmışdı. 18 yaşlı əsgərimiz xidmətinin 4-cü ayında Qaracəmirliyə şəhid olaraq bayrağa bükülmüş tabutunda qaytarıldı.

Qaracəmirli artıq bayrağa bükülmüş tabutu birinci dəfə deyil qarşılayır. 44 günlük Vətən müharibəsi zamanı az qala hər bir kəndə, hər bir məhəlləyə, küçəyə düşən şəhid odundan Qaracəmirliyə də düşmüşdü: həmkəndlisi şəhid Şahbaz Şahbazovun məzarının başında Anar da var idi onda. Anarın valideynləri Şahbazın atasına “Başın sağ olsun, qardaş!” demişdi onda. Onda bilmirdilər ki, övlad dağını özləri də tezliklə yaşayacaqlar. Həm də Zəfərdən sonra! Özü də 28 illik işğaldan azad etdiyimiz Laçınımızda!

Xalq olaraq taleyimizə bu cənnətməkan torpaqlarda yaşamağın ağır bədəlləri də yazıldı. Bugünkü acımızın ağu içdiyi iki əsr öncəyə qayıdıb hamımızın bildiyi tarixi səbəblərdən danışmağa ehtiyac olmasa da, indiki reallıq suallar yaradır.

Kapitulyasiyaya məcbur edilmiş Ermənistan başını əzmiş bir Ordunun əsgərinə silah tuşlamaq cəsarətini hardan alır, kimdən alır? Revanş istəyirsə, nəticələrinin də necə olacağını əlbəttə, bilmiş olmalı idi axı. Bu qədər qana susamaqmı olar?!

Ermənistan niyə yadından çıxarır soxulduqları torpaqlarımızdan minlərlə əsgərinin meyitini yığıb-yığışdıra bilmədiyi 2020-ci ilin həmin payızını? Vəhşi və acgöz olduqları qədər də axmaq ermənilər niyə anlamırlar ki, Azərbaycan Ordusu bir də əks-hücumlara başlasa, düz gəlib İrəvanda bənd ala bilər. Niyə erməni hakimiyyəti o günləri belə tez unutdu ki, Azərbaycan Ordusundan aman istəmək üçün zəng etmədikləri, yalvarmadıqları xarici siyasətçi, dövlət lideri qalmamışdı, hətta Kim Kardaşyanın tumanı altında gizlənməyə belə hazır idilər. Yetər ki, Azərbaycan əsgəri “qılıncının altından keçməyə” icazə verəydi. Və bəlli şərtlərlə buna icazə verildi. Bütün bunlardan sonra yenə namərdlik, yenə terror, yenə vəhşilik!

Ermənilər bunu bilməliydilər ki, arxalandıqları bütün ermənipərəst qüvvələr hamısı birləşsələr belə, türk qüdrətinin qarşısında yenə də heç bir şey edə bilməyəcəklər. Çünki məqsədləri şərdən ibarətdir. Azərbaycanın yolu isə Haqq yoludur. Haqq nazilər, amma üzülməz. Azərbaycan üç min şəhidi olan 10 milyonluq ordu – ölkədir. Namərdlər cəzasız qalmayacaq.

Qanın yerdə qalmadı, Anar! Səni torpağa əmanət etmədən əvvəl qanına əli bulaşmış düşmən darmadağın edildi, sənə atəş açan terror yuvası terrorçularla birgə göyə sovruldu, Şəhid qardaşım! Ruhun şad olsun!

Teqlər: