Rusiyanın doqquz hərbi müxbiri və onların layihələri ölkənin Silahlı Qüvvələri barədə yalan məlumatlar yaydıqları üçün məsuliyyətə cəlb oluna bilər.
AzerTimes-ın Oxu.az-a istinadən məlumatına görə, İqor Strelkov, Semyon Pegov (WarQonzo), Yuri Podolyaka, Vladlen Tatarski, Sergey Mardan, İqor Dimitriev, “GreyZone” və “Rybar” layihələrinin müəllifləri, eləcə də Kristina Potupçikin fəaliyyətləri hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Müstəntiqlər onların Teleqram kanallarındakı məzmunu təhlil edir, orada saxta, böhtan xarakterli və digər qadağan olunmuş məlumatlar axtarırlar.
Bildirilir ki, “Roskomnadzor”a yuxarıdakı müəlliflərin işinin yoxlanılması tələbi ilə bağlı göstərişi Baş Qərargah rəisi şəxsən imzalayıb. Baş Prokurorluqda isə iş federal təhlükəsizlik, terrorizm, ekstremizm və millətlərarası münasibətlər haqqında qanunun icrasına nəzarət idarəsinin rəisi tərəfindən aparılır.
Yoxlamanın nə qədər davam edəcəyi hələlik məlum deyil. Amma cinayət tərkibi aşkar edilərsə hərbi müxbirlər ya cərimə ilə yaxa qurtaracaqlar, ya da üç ilə qədər həbs cəzası alacaqlar.
Qeyd olunur ki, yoxlanışa səbəb onların Ukrayna müharibəsi barədə tənqidi fikirlər səsləndirmələridir.