Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli – Trend:

5 yanvar 2021-ci il tarixdə Şəmkir rayon sakini Tağıyev Əhliman Kənan oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Şəmkir rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Hüseynov Rəvan Eynur oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə rayon ərazisində Əhliman Tağıyevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Teqlər: