Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB)
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək
götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun
Sabirkənd kənd sakini Nəriman Məmmədovun özünə məxsus fərdi yaşayış
evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada
qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis
bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 16
ədəd ümumi çəkisi 5 kq 800 qram olan narkotik çətənə kolları və
yardımçı tikilidən isə qurudulmaq üçün saxlanılan qurudulmuş
marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan
şəxs çətənə kollarını cari ilin fevral ayında satış məqsədi ilə
əkdiyini etiraf edib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.