Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları, fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçirib. Mərasim başlamazdan əvvəl keçirilən görüşlərdə polis əməkdaşları ilə birlikdə Qida Təhlükəsizliyi agentliyinin Baş İdarəsinin əməkdaşları da iştirak edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon ərazisində bir neçə restoranda toy qaydalarının pozulması aşkarlanıb. Belə ki, “Şəmkir Saray” və “Ömər-Oruc” şadlıq evlərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçsə də xidmət personalının və mərasimdə iştirak edən bir neçə qonağın COVİD-19 pasportunun olmaması aşkarlanıb. Polis əməkdaşları restoran sahibləri ilə profilaktiki söhbətlər aparıb. Onlara Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Mövcud qayda pozuntusuna inzibati protokol tərtib edilib.
Monitorinq iştirakçıları həyət evlərində təşkil olunan toy mərasimlərini də ziyarət edərək orada qanunamüvafiq araşdırmalar aparıb və bu zaman məlum olub ki, 50 nəfərdən artıq olmamalı olan toy mərasimlərində say həddindən artıq qonaqlar iştirak edib. Dərhal həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb, mərasim təşkilatçıları inzibati məsuliyyətə cəlb olunub.
Ümumilikdə həftə ərzində aparılan monitorinqlər zamanı rayon ərazisindəki “Yamin”, “Ceyhun”, “Uğur”, “Daşlı Qala”,”Şəmkir”, “Ömər-Oruc”, “Xan”, “Dostluq” və “Elmir” restoranlarında, həmçinin 20-dən çox fərdi yaşayış evlərində təşkil olunan toy mərasimlərində say həddinin çox olması, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçilməməsi, sosial məsafə və COVİD-19 pasportunun olmaması kimi qayda pozuntuları aşkar edilib. Həmin restoran sahibləri və fərdi yaşayış evindəki toy mərasimlərinin təşkilatçıları barəsində İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.