Şəmkirin Keçili kəndindən olan Tatlı ailəsi uzun müddətdir ki, acınacaqlı vəziyyətdə yaşayır.
AzerTimes xəbər verir ki, bu barədə ailə başçısı Xaqani Tatlı Publika.az-a bildirib.
O deyir ki, 7 aydan çoxdur yayın qızmarında, indi isə qışın şaxtasında, qar və yağışda çadırda yaşamağa məcburdurlar:
“Havaların kəskin soyuması isə iki azyaşlı uşağı ilə birlikdə çadırda yaşayan ailənin durumunu daha da ağırlaşdırıb. Yeddi aydan çoxdur çadırda yaşayırıq. Bundan əvvəl isə kirayədə qalmışam. Maddi olaraq çətin idi, kirayənin pulunu ödəyə bilmədim və kənddə çadır qurub yaşamaq qərarına gəldik. Uşaqlardan biri məktəbə gedir, 1-ci sinif şagirdidir. Hazırda heç yerdə işləmirəm. Vəziyyətimiz olduqca ağırdır. Qışdır, yağış və qarda bu çadırda yaşamaq qeyri-mümkündür”.
Ailə başçısının aidiyyəti qurumlara etdiyi çoxsaylı müraciət isə nəticəsiz qalıb:
“Şəmkir Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişəm. Özüm də gedib vəziyyətimi demişəm. Dərdimi demədiyim yer qalmayıb. Amma heç kəs maraqlanmayıb ki, ölmüşük, ya yaşayırıq. Biz böyüklər bir tərəfə, heç olmasa körpə uşaqlarımı nəzərə almadılar”.
Aidiyyəti qurumlardan ümidini üzən ailə, hazırda dost-tanışın köməyi ilə birtəhər gündəlik ehtiyaclarını qarşılaya bilir. Amma görünən odur ki, iki azyaşlı uşaqla ailənin çadırda yaşaması qeyri-mümkündür. Ailə yardımsevər insanlardan kömək istəyir.
Şəmkir Rayon İcra Hakimiyyətinin Xuluf kənd üzrə icra nümayəndəsi Elnur Əliyev bildirib ki, məsələdən məlumatlıdırlar.
Onun sözlərinə görə, ailə münaqişəsinə görə, yaşadığı evdən çıxıb:
“Onlar ailə münaqişəsinə görə çadırda yerləşiblər. Çadır qurduğu yerin yanında Xaqani Tatlının anasının iki evi var, normal şəraitdədir. Xaqani anasından evin birini ona verməsini istəyib, ancaq ana razı olmayıb. Buna etiraz edən Xaqani isə çadır qurub yaşamaq qərarına gəlib. Həmin ərazidə başqa bir evin tikintisi gedir. Əldə etdiyimiz məlumata görə, o, əslində hazırda çadırda yaşamır, Səməd Vurğun qəsəbəsində kirayə evdə qalır. Çadırda, küsüb evdən çıxdıqları müddətdə yaşayıb”.