Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı
olaraq, şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi
qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərinin
qəbulu məqsədilə daha 3 rayonda – Şəmkir, Qusar və Salyan
rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə
başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mərkəzlər
nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Şəmkir,
Qusar və Salyan rayonlarındakı ərazi filaillarının binasında
fəaliyyət göstərir. Bu mərkəzlər ətraf bölgələr də daxil olmaqla
ümumilikdə 15 rayon və şəhər üzrə şəhid ailələri, müharibə ilə
əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən
edilmiş şəxslərə xidmət edir:
Şəmkir rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəmkir
şəhəri, Heydər Əliyev prospekti, 40) Ağstafa, Qazax, Tovuz, Şəmkir
və Gədəbəy rayonları üzrə, Qusar rayonundakı vahid əlaqələndirmə
mərkəzində (Qusar şəhəri, Məhəmməd Füzuli küçəsi, 21) Xaçmaz, Quba,
Qusar, Şabran, Siyəzən rayonları üzrə, Salyan rayonundakı vahid
əlaqələndirmə mərkəzində (Salyan şəhəri, Səməd Vurğun küçəsi, 80q)
Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan, Neftçala rayonları
üzrə vətəndaşların müraciətləri qəbul olunur.
2021-ci ilin avqust ayından artıq 50-yə yaxın şəhər və rayon
üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb.
Bu mərkəzlərdə mərkəzi icra hakimiyyəti orqanları – Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə
Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq
yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum
üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf,
vətəndaş məmnunluğu prinsipi əsasında birbaşa (yerində), 142 Çağrı
mərkəzi vasitəsilə və səyyar formada həyata keçirilir.
Ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərində 31 mindən çox
müraciət üzrə xidmətlər göstərilib, habelə 142 Çağrı Mərkəzinə qeyd
olunan mərkəzlərin fəaliyyət sahələri üzrə daxil olan 87,5 min
müraciət cavablandırılıb.