Səmərqənddən Avrasiyaya və bütün dünyaya…

Səmərqənddən Avrasiyaya və bütün dünyaya…

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın qədim Səmərqənd şəhərində təşkil olunmuş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakı və çıxışı son günlərin ən önəmli siyasi hadisələrindəndir.

Azərbaycan Prezidenti sözünə qardaş Özbəkistana məhəbbətini ifadə etməklə başlayıb: “İlk növbədə, məni Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şövkət Miromonoviç Mirziyayevə minnətdarlığımı bildirmək istərdim.

Bir neçə ay əvvəl mənim Özbəkistana çox uğurlu dövlət səfərim olub və bu gün yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunam.

Qardaşım Şövkət Mirziyayevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib”.

Qardaş ölkə və ölkə rəhbərinə sayğılarını ifadə etdikdən sonra, Prezident Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinin ana mövzusuna uyğun olaraq, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarından, bu sahədə davamlı inkişafdan danışıb. Prezident bildirib ki, Azərbaycan Respublikası regionun çox önəmli iki kommunikasiya layihəsinin – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin işə düşməsinə sanballı töhfələr verib. Bu sanballı töhfənin özünəxas təşkilati, texniki, iqtisadi əsasları, faktorları vardır. Məsələn, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb”.

Hava nəqliyyatı imkanlarından danışası olsaq, Azərbaycan 18 təyyarə ilə regionun ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Prezident bildirib ki, 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 9-a çatdırılacaq.

Prezident İlham Əliyev bildirib ki, yalnız son 20 ildə Azərbaycanda, hər il az qala min km avtomobil yolu, 1400 km dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərinin yaratdığı yeni reallıqlar, bu reallıqlar fonunda bölgədə iri infrastruktur layihələrinin uğurlu icrası isə burada özəlliklə vurğulanmalıdır: Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə km avtomobil yolu və yüzlərlə km dəmir yolu çəkilib və çəkilməkdədir.

Əlbəttə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmış olsaydı, regionun iqtisadi, ticari dizaynı daha dəqiq bəlli olar, dayanıqlı xarakter alardı. Burada ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanıması əsas şərtdir. Bununla bağlı, beynəlxalq hüquqa söykənən 5 əsas prinsip Azərbaycan tərfindən Ermənistana təqdim edilib. Bu barədə beynəlxalq tərəfdaşlar da məlumatlıdır. Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr 2020, 11 yanvar 2021, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlardan, habelə Brüssel Sülh Gündəliyindən, ümumən beynəlxalq hüquqdan irəli gələn məsələlər, öhdəliklər Ermənistan tərəfindən icra olunmalıdır. Ermənistanın siyasi sabotajları, hərbi təxribatları bütün anlaşmalara ziddir. Beləliklə, sülh müqaviləsinin imzalanması üçün süni əngəllər yaradılmamalı, gərəksiz ləngimələr olmamalıdır.

Dövlət başçımızın dediyi kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən region ölkələrinin nəqliyyat imkanları daha da artacaq və bu, marşrut boyu yerləşən bütün ölkələr üçün yararlı olacaq.

Təbii ki, Azərbaycan Prezidenti sentyabrın 12-dən 13-nə keçən gecədən başlayan növbəti erməni hərbi təxribatına – Ermənistan-Azərbaycan dövlət sərhəddində (Daskəsən-Kəlbəcər-Laçın istiqamətində) baş verən qanlı toqquşmaya da toxunub. Bəlli olduğu kimi, Ermənistanın törətdiyi bu genişmiqyaslı təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. “Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Prezident bildirib.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından yaxud Ermənistanın 30 ilə yaxın sürən işğalından söz düşüncə, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi, onların qəbul etdiyi qətnamələrin kağız üzərində qalması yada düşür və bu, əlbəttə, narahatlıq doğurur. Məsələn, hər kəs bilir ki, ATƏT-in Minsk Qrupunun onilliklər boyu fəaliyyəti, əslində, anti-fəaliyyət olub… Yaxud 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin kağız üzərində qaldığını da hər kəs bilir. Azərbaycan Prezidentinin Səmərqənddə vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Amma Azərbaycan xalqı, Azərbaycan dövləti bu ədalətsizliklə barışmadı və beynəlxalq hüququn, tarixi ədalətin bərpa olunmasını Müzəffər Azərbaycan Ordusu özü yerinə yetirməli oldu.

Yenidən Prezidentin sözlərinə diqqət edək: “2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir”.

Səmərqənd sammit iştirakçısı olan region dövlətlərinin liderlərinin diqqətinə bir daha çatdırıldı ki, Azərbaycan bundan sonra da öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Bu sözlər isə Prezident İlham Əliyevə təşəkkür edən Özbəkistan Prezidenti Şövkət Mirziyayevə aiddir: “Məzmunlu çıxışınıza görə sağ olun, hörmətli İlham Heydər oğlu. Sizin qeyd etdiyiniz kimi, ilk növbədə, nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün xüsusi maraq doğurur”.

Dövlətimiz var olsun!

Teqlər: