Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?

Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?

Son illər mətbuatda tez-tez Səməd Vurğun-Əhməd Cavad “tandemi” və “münaqişəsi” haqda yazılar gedir. Bəri başdan onu demək lazımdır ki, hər iki sənətkarın ədəbiyyatımız qarşısında böyük xidmətləri olmuşdur.

Adətən, Səməd Vurğunu “vurmaq” istəyənlər onun məşhur misralarını yada salırlar:

Mən nə Sanılıyam, nə də Cavadam,

Onlara düşmənəm, onlara yadam.

Bəli, bu misraların müəllifi Səməd Vurğundur. Bəziləri az qala şairin bu misralarını “donos” kimi qəbul edirlər. Hətta ittiham irəli sürənlər də tapılır. Belələri Cavadın repressiya olunmasında məhz bu misraların “təqsirkar”, “günahkar” olduğunu iddia edirlər. Yanlış yanaşmadır. Əvvəla, ona görə ki, bu misraların qələmə alındığı dövrdə elə Səməd Vurğunun özünü “ifşa” edən kifayət qədər tənqidi yazılara, ittihamlara rast gəlmək mümkündür. İkincisi, Səməd Vurğun və yaxud onun özünü “ifşa” edən müəlliflər ölkənin başçısı və ya Baş prokuroru deyildilər ki, kiminsə repressiya olunmasında “rol” oynasınlar. Ona qalmış bu günün özündə belə bir-birini ifşa edən kifayət qədər qələm adamı və şair vardır. “İfşaya” görə can alınsa, onda ölkədə adam qalmazdı.

Totalitar rejimin törətdiyi faciələri zor-xoşla o dövrün yaradıcı adamlarının boynuna qoymaq indi bir dəbə, daha dogusu, xəstəliyə çevrilib… Elə deyil axı. Adamlar tanıyırıq ki, yazı masasının arxasında qorxmazlıqdan, şücaətdən, hünərdən dəm vurur, amma necə deyərlər, bir balaca “quyrugu qapı arasında qalanda” bütün ətrafını, hətta öz nəslini, öz ata-balasını satmağa hazır olur. Şəxsən mən bu cür miskin, qorxaq adamları görəndən sonra 30-cu illərin bütün qurbanlarına qurban kəsmək istəyirəm. Onların çoxu əsl qəhrəmanlıq nümunəsi göstərib…

Tarixdə “yalançı cəngavərlər” həmişə olub, bu gün isə onların sayı daha çoxdur. Bəli, gizlətməyə ehtiyac yoxdur, Səməd Vurğun və Üzeyir bəy Hacıbəyov Məmməd Əmini də tənqid ediblər. Amma dahi Rəsulzadə hər iki sənətkar haqqında kifayət qədər xoş sözlər deyib və günahı ayrı-ayrı şəxsiyyətlərdə deyil, mənfur sistemin, qəddar rejimin özündə görüb.

Səməd Vurğunu ittiham edənlərin bir qismi şairin məşhur “Azərbaycan” şeirinin guya plagiat olduğunu irəli sürürlər. Bəli, Əhməd Cavadın da “Azərbaycan” adlı şeiri var. Həmin şeir 1919-cu ildə dərc edilib. Səməd Vurğunun şeiri isə, səhv etmirəmsə, 1933-34-cü illərdə yazılıb və 1935-ci ildə çap olunub, yəni 15 il sonra. Nəzərə almaq lazımdır ki, Sovet dönəmində yazılmış həmin şeir (S.Vurğunun şeiri) dərc edilərkən Əhməd Cavad sağ idi. Əhməd Cavadın Səməd Vurğunun onun şeirini “köçürməsi” barədə ortada hər hansı bir iddiası yoxdur. Hətta bəzi xatirələrdə nisbətən yaşlı şairin (yəni Ə.Cavadın) öz gənc həmkarını bu şeirə görə təbrik etdiyi də bildirilir. Və orasını da qeyd edək ki, Vurğunun bu şeiri işıq üzü görəndən sonra açıq səmadakı şimşək kimi parladı, tezliklə dillər əzbəri oldu. Yenə təkrara ehtiyac duyulur: həmin dövrdə Əhməd Cavad hələ sağ idi.

Sual yaranır: bəs ikinci “Azərbaycan” şeirinin eyniadlı birinci şeirə oxşarlığı var, ya yox?

Bəli, var. Hər iki şeirdə hətta bəzi söz və ifadələrin eyni olduğu da nəzərdən qaçmır. Məsələr, “durnagözlü bulaqlar”, “bəhri-Xəzər”, “orman”, “maral” və digər anlayışlar bu deyilənlərə aiddir. Bildiyiniz və artıq dediyimiz kimi, Səməd Vurğunun şeirində də bu cür söz və bənzətmələr vardır.

Hər iki şeir oxşardır. Amma bu “oxşarlıq” qətiyyən eyniyyət təşkil etmir. Açığını deyim ki, kim sonralar “Azərbaycan” rədifli (və ya adlı) şeir yazıbsa, məhz S.Vurğunun şeirinə bənzəyib. Bəli, bundan sonra da Azərbaycan haqqında yazılacaq bütün şeirlər məhz Səməd Vurğunun (və təbii ki, həm də Ə.Cavadın) şeirini yada salacaq: necə ki, ölkə haqda sonralar yazılan “ölkə” rədifli bütün şeirlər Cəfər Cabbarlının “Ölkəm” şeirini, ana dilimiz haqda yazılan bütün şeirlər Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirini, repressiyalar haqqında qələmə alınmış bütün poemalar Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasını, Xəzər haqqında yazılan bütün poetik nümunələr Nəbi Xəzrinin “İki Xəzər” poemasını, keçi haqqında yazılan şeirlər Abdulla Şaiqin dillər əzbəri olan şeirini, meşəbəyi haqqında yazılan bütün şeirlər Hüseyn Arifin məşhur qoşmasını “yada salır” və gələcəkdə də yada salacaq…

S.Vurğundan sonra həmin rədifdə onlarla, bəlkə də yüzlərlə şeir, musiqi mətni yazılıb və hamısı “ilk” şeirə bənzəyir.

Ə.Cavadın şeiri “dördlükdə” yazılıb. Məsələn, bu cür:

İpək, pambıq, yunun çoxdur!

Arpa, buğda, dügün çoxdur!

Hər şeyin var, nəyin yoxdur?!

Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!

Gur-gur axar neçə çayın!

Bol veribdir fələk payın!

Azərbaycan! Azərbaycan!

S.Vurğunun “Azərbaycan” şeiri isə “beşlikdə” yazılıb:

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır.

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Haqqında söhbət gedən şeiri Səməd Vurğun gələcək “Azərbaycan” epopeyasının proloqu kimi nəzərdə tutmuşdu.

Bəli, Azərbaycan haqqında və ya “Azərbaycan” adlı çox şeirlər var. Onların hansı yaxşıdır?

Əlbəttə, bu çox banal sualdır. Amma ədalət naminə deyək ki, ölkədə ən adi adamdan tutmuş ən böyük səlahiyyət sahibinə qədər, elə bir adam tapılmaz ki, bu misraları əzbərdən bilməsin və onun müəllifini tanımasın:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan…

Teqlər: