Səlim Müslümovun həbs müddəti uzadıldı

Xəbər - Fərid Zöhrabov – Trend:

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun
cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti yenidən
uzadılıb.

Trend xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində
elan edilib.

Qərara əsasən, sabiq nazirin həbs müddəti daha 5 ay
artırılıb.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial
müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət
istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi,
işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə
bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və
digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı
sui-istifadə hallarına yol verməsinə dair faktlar DTX-də
araşdırıl­ıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə
Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün
qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən
tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə
edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb
olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən
vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif
rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin
tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və
hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb
edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi
Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə
təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin
mühafizəsi tələblərinə əməl olunması, onların istismara
buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə
uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların
nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri
qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi
strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun
həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər
birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət
almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli
miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində
məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Teqlər: