Selektiv abortlar həm təhlükəli, həm də qanunsuzdur

Selektiv abortlar həm təhlükəli, həm də qanunsuzdur

Abort bir cərrahi müdaxilə olduğuna görə bu əməliyyatdan sonra ağırlaşma ehtimalları var. Bu o demək deyil ki, hər abort qadına ziyandır. Hər müdaxilədə olduğu kimi, burda da 1-2% də olsa, infeksiya, qanaxma, orqan zədələnməsi və ya ölümcül hallar müşahidə etmək mümkündür.

Bu sözləri AzerTimes-a açıqlamasında ginekoloq Rəşad Sultan ölkəmizdə artan selektiv abortlarla bağlı danışarkən deyib.

Ginekoloq bildirib ki, selektiv abortlar həm etik, həm hüquqi, həm də tibbi cəhətdən yolverilməzdir:

“Ölkəmizdə aborta 12 həftəyə qədər icazə verilir. Çünki hamiləlik həftəsi artdıqca tibbi risklər çoxalır. Məsələ də burasındadır ki, uşağın cinsiyyətini 12 həftədən öncə müəyyən etmək mümkün deyil. Deməli, cinsiyyətə görə selektiv abortlar 12 həftədən sonra edilir ki, bu da qanunun pozulması deməkdir. Yəni bunu edən həkim də, bunu etdirən ailə də qanunu pozmuş olur”.

Psixoloq Ülviyyə Murtuzova isə bildirib ki, uşaq dünyaya gəlmədən cinsi seçim etmək sadəcə cahillikdir:

“Bu, məsuliyyətdən və öhdəlikdən geri çəkilməkdir. Biz cinsiyyət seçimində ailənin, həyat yoldaşın istəyini nəzərə alırıq. Bunun kökündə qadınlar dayanmır. Oğlan uşaqlarının gəlişini toy-bayram edən bölgələrimiz var. Bunu yaşayan və görən qadınlarımız çarəni qız uşağını tələf etməkdə görür”.

Murtuzova qeyd edib ki, qadının dünyaya gətirdiyi oğlan və qız uşağının cinsiyyətini tənzimləyən funksiya məhz kişilərdə formalaşır:

“Bunu anlamayan dar düşüncəli, cahil insanların qurbanları da həmin xanımların acınacaqlı həyatı və dünyaya gələ bilməyən körpələrdir. Hər zaman söyləyirik, bunlara birbaşa qadağa qoyulmalıdır. Bunu edəni deyil, etməyə məcbur edəni məsuliyyətə cəlb etmək lazımdır. Bu insan qətlidir. İnsanın məhvi deməkdir”.

Teqlər: