Selçuk Bayraktara AzTU-nun fəxri doktroru adı verildi (FOTO)

Mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji
Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri,
“Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki
Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi
keçirilib.

Universitetin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki
ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin
professor-müəllim heyəti və tələbələri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov
Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib.
Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə
yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada Bayraktarı bütün
dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub.
Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən
danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı
kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib
ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan
yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun
Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya
mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf
etdirdiyini də diqqətə çatdırıb.

Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə
görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini
vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni
zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”,
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma
(MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə
tələbələrə məlumat verib.

Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin
fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor
diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim
edib.

Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları
arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal
platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və
texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd
edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür
edib.

Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı
verilib, onlardan biri də Selçuk Bayraktardır.

Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal
platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi
ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın
inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında
müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə
çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların
hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin
kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim
edilib.

Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində
“TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl
işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb.

Teqlər: