Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar “Teknofest”in Bakıdakı təqdimatı ilə bağlı “Twitter” hesabında paylaşıb edib.
Trend-in məlumatına görə, o, “Teknofest”in Bakıdakı təqdimatından fotolar paylaşıb.
“Bu gün “Teknofest” Azərbaycan təqdimatı üçün Bakıda idik. Bir millətin sərhədləri aşan qardaşlığı, iki dövlətin ortaq taleyi, tək festivalımız “Teknofest” ilə yeni uğur hekayələrinə çevrilsin”, – deyə S.Bayraktar yazıb.
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli,Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.