Şəkidə bu universitetin fakültəsi açılır

Şəkidə bu universitetin fakültəsi açılır

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, rektor Hafiz Paşayevin təşəbbüsü ilə Şəki şəhərində ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin açılması haqqında qərar qəbul edilib.

AzerTimes xəbər verir ki, layihə İtaliyanın Politexnik Universiteti ilə birlikdə həyata keçirilir.

Fakültə Şəki şəhərinin qədim hissəsində, Yuxarı Baş Dövlət Qoruğu ərazisində yerləşən və 1920-ci ildən etibarən uşaq evi kimi fəaliyyət göstərmiş tarixi binada yerləşəcək.

Bina sovet işğalından əvvəl Zülfüqarovlar ailəsinə məxsus olub. Binanın bərpa işləri Azərbaycan və İtaliya memarlarının birgə səyi ilə həyata keçiriləcək.

Bildirilib ki, Dizayn və memarlıq fakültəsi üçün məhz bu binanın seçilməsi heç də təsadüfi deyil. XX əsrin görkəmli maarifçilərindən biri, ədəbi tənqidçi, bolşevik repressiyasına məruz qalmış Firudun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım 1930-1953-cü illərdə məhz bu Uşaq Evində çalışıb və minlərlə kimsəsiz uşağa ana qayğısı göstərib.

Binanın həyətində yeni tədris fakültəsinin açılması ilə bağlı keçirilən təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı şəhərinin baş memarı Akif Abdullayev, Milli Məclis üzvləri Cavanşir Feyziyev və Vüqar İsgəndərov, alimlər və ziyalılar iştirak ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev, Universitetin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, elm və təhsil naziri E.Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, İtaliyanın Politexnik Universitetinin professorları və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, ADA Universitetinin fakültəsinin Şəki şəhərində açılması şəhərin elmi-mədəni mühitinin canlanması üçün növbəti təkan olacaq.

Teqlər: