Şəkidə ağacları kəsənlərə qarşı cinayət işi açılıb

Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair ETSN-in 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Cumakənd kənd sakinləri Adil Cəfərov və Söhrab Talıbovun istifadələrində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla müxtəlif diametrli cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparılmış, nəticədə təbiətə 9 min 450 manat məbləğində ziyan dəymişdir.


Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Şəki rayon polis şöbəsinə həvalə edilmişdir.

Teqlər: