5 avqust 2021-ci il tarixində Şəki regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.
Mərkəzdə könüllülər və əməkdaşlar tərəfindən müxtəlif materiallardan, kağız və tullantılardan, taxta, sulu və yağlı boyadan, toxunma iplərdən hazırlanmış incəsənət nümunələri, həmçinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin sənətkarları tərəfindən könüllü olaraq dəstək məqsədi ilə təqdim edilmiş əl işlərinin sərgisi və satışı reallaşdırılıb.
Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Vüqar İskəndərov, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.
Sərgidə müxtəlif mövzularda 100-ə yaxın sənət əsəri nümayiş olunub. Tədbirin əsas məqsədi sərgi-satışdan toplanmış məbləği “YAŞAT” Fonduna ianə etməklə şəhid ailələrinə və qazilərə dəstək olmaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.