Şəkərli diabet xəstəliyindən əziyyət çəkən 1600-ə yaxın uşağa insulin hədiyyə edilib (FOTO)

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində respublika ərazisində şəkərli diabet xəstəliyindən əziyyət çəkən 1600-ə yaxın uşağa insulin hədiyyə edilib.

AzerTimes xəbər verir ki, bu barədə şəkərli diabet xəstəliyinə həsr olunan mətbuat konfransında çıxışı zamanı ATU Tədris Terapevtik Klinikasının Şəkərli Diabet şöbəsinin müdiri Sevil Mustafayeva məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar yenidən siyahıya alınıb və hər bir rayon üzrə onların reyestri yenilənib.

“Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının bütün şəkərli diabet xəstələrində keyfiyyətli insulin və dərmanların istifadəsinə dair çağırışına Azərbaycan da qoşulub. Beləliklə, 2019-cu ilin noyabrında Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəkərli diabet Tip 1 olan uşaqlarla bağlı layihəyə start verilmişdi. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin həyata keçirilməsi Azərbaycan Diabet Cəmiyyətinə həvalə olunmuşdu. Böyük bir həkim komandası 2020-ci ilin yanvarından respublikanın bütün bölgələrini qarış-qarış gəzərək valideynlərlə görüşdü, təlimlər keçirildi və uşaqlara dünyada ən yeni və keyfiyyətli uzun təsir müddətli olan Danimarkanın “Novo Nordisk” şirkətinin “Tresiba” insulini paylanıldı. 2021-ci ilin əvvəlində layihə başa çatdırılsa da, indi Səhiyyə Nazirliyi bu təşəbbüsü öz üzərinə götürüb və uşaqlara həmin insulinin verilməsi davam etdirilir” – deyə, əlavə edib.

Sevil Mustafayevanın sözlərinə görə, layihənin ən böyük əhəmiyyəti həm də valideynlərlə görüşlərin təşkili və təlimlərin keçirilməsi olub.

“Şəkərli-diabet xəstəsi olan hər bir uşağın qanındakı qlükozanın səviyyəsi yeməkdən əvvəl yoxlanılmalı və buna uyğun olaraq insulin verilməlidir. Lakin uşaqlarla, xüsusən də azyaşlılarla bu prosesi həyata keçirmək çox çətindir. İnsulin qidanın tərkibindəki karbohidratın miqdarına və qanda qlukoza səviyyəsinə uyğun olaraq hesablanır. Bu iki parametr mütləq şəkildə nəzərə alınmalıdır. Lakin biz təlimlər zamanı əksər valideynlərin bunu bilmədiklərinin şahidi olduq. Valideynlər standart dozalarla uşaqlarını idarə edirdilər. Bu isə birbaşa fəsatların yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, keçirilən təlimlər bu baxımdan çox faydalı oldu” – deyə, S.Mustafayeva bildirib.

Konfransda çıxış edən Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova da layihənin əhəmiyyətindən danışıb və verilən dəstəyə görə, Heydər Əliyev Fonduna təşəkkür edib. O bildirib ki, dünyada, o cümlədən də Azərbaycanda şəkərli diabet xəstələrinin sayı ildən-ilə artır.

“Əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Bu o deməkdir ki, 2019-cu ildə hər 11 nəfərdən biri şəkərli diabet xəstəsi idisə, indi hər 10 nəfərdən birində bu xəstəlik var. Azərbaycanda isə qeydiyyata alınan şəkər xəstələrinin sayı 283 min nəfərdir. Lakin bunun yarısı qədər insanda isə gizli şəkər var və onlar xəstə olduqlarını bilmirlər. Bu gün şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə, xüsusən də uşaqlara keyfiyyətli insulinin verilməsi, bunun dövlət proqramına salınması böyük önəm daşıyır. Lakin bəzi rayonlardan diabet xəstəliyindən əziyyət çəkənlərin lazımi dərman preparatlarını vaxtında və ya tam şəkildə ala bilmədikləri ilə bağlı cəmiyyətə şikayətlər də daxil olur. Ümid edirik ki, bu problem də yaxın zamanda aradan qalxacaq” – deyə o əlavə edib.

M.Ömərova onu da qeyd edib ki, uşaqlarda şəkərli-diabetin vaxtında aşkarlanması və xəstəliklə mübarizəyə erkən vaxtlardan başlanılması da önəmlidir.

“Bunun üçün ilk növbədə valideynlər şəkərin əlamətlərini bilməlidirlər. Əgər uşaqlarda susuzluq, artmış sidik ifrazı varsa, onlarda şəkərli diabet xəstəliyi ola bilər. Stres, qorxu, infeksion xəstəlik bunun təkan amili ola bilər. Şəkərli diabet tip 1-in bu günə tam müaslicəsi mövcud deyildir, lakin bu xəstələr uzun illər sağlam, fəsadsız həyat sürə bilər. Artan şəkərli diabet tip 2 isə əsasən artıq çəki, fiziki aktivliyin az olması, fast food, şirniyyat və karbohidrat tərkibli qidaların çox qəbul edilməsi səbəbində ortaya çıxır” – deyə o bildirib.

Teqlər: