Fransanın xarici işlər naziri Stefan Sejurnenin İrəvanda Rusiyaya qarşı verdiyi bəyanatlar səfehlik və axmaqlıqdır. Üstəlik, bu, Ermənistana hörmətsizlikdən xəbər verir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Təəccüblüdür ki, müttəfiqlərimiz, dostlarımız, qardaşlarımız, tərəfdaşlarımız, qonşularımız, yəni Ermənistanın siyasi rəhbərliyi, rəsmiləri və ictimaiyyət nümayəndələri buna reaksiya vermir”, – o bildirib.
Onun sözlərinə görə, bunu kimsə Rusiyanın dostlarına, üstəlik, mütəmadi olaraq dost insanların müdafiəsinə qalxan, canını fəda edən ölkəyə münasibətdə desəydi, Moskva onları sakitləşdirməyin yolunu tapardı:
“Burada şərh etməyə nə var ki, o, (Sejurne-red.) adət-ənənələrdən, tarixdən xəbərsizliyini bir daha nümayiş etdirən, diplomatiyada tamamilə səriştəsiz olan bir fiqurdur”.
Zaxarova vurğulayıb ki, Qərb ölkələrinin bu region üçün dağıdıcılıqdan başqa heç bir gündəliyi yoxdur.
Qeyd edək ki, Sejurne İrəvanda Rusiyanı Ermənistana təzyiq göstərmək cəhdində ittiham etmiş və İrəvanla hərbi-texniki əlaqələri inkişaf etdirəcəyinə söz vermişdi.