Səidov Lavrova “müttəfiq kimi” başa saldı ki…

Səidov Lavrova “müttəfiq kimi” başa saldı ki…

Özbəkistan və Rusiyanın xarici işlər nazirləri Bəxtiyar Səidov və Sergey Lavrovun BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşü haqda yayılan məlumat müzakirə doğurub.

AzerTimes xəbər verir ki, tərəflər “bir-birinin daxili işlərinə qarışmamaq prinsipini” də müzakirə ediblər və dialoqun müttəfiqlik ruhunda davam etdirilməsi barədə razılığa gəliblər.

“Strateji tərəfdaşlığımızın aktual mövzularının hərtərəfli müzakirəsi aparılıb, eləcə də qarşıdan gələn yüksək səviyyəli tədbirlərə hazırlıq işlərinə istinad edilib. Qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün bir-birinin daxili işlərinə qarışmamaq prinsipinin saxlanmasının vacibliyi qeyd edilib”, – Səidov görüşdən sonra özünün Teleqram kanalında yazıb.

Qeyd edək ki, bəzi media qurumları bunu Özbəkistanın Rusiyaya xəbərdarlığı kimi təqdim edib. Belə ki, sentyabrın 26-da Daşkənddəki məktəblərin birində şagird rus dili dərsini rusca keçməyi tələb etdiyi üçün müəllimi tərəfindən fiziki təzyiqə məruz qalıb. Sözügedən video sosial şəbəkələrdə yayıldıqdan sonra Rusiya XİN Özbəkistanın Moskvadakı səfirinə sorğu göndərib (ümumi mülki və diplomatik etiketin saxlanması çağırışı ilə diplomatik qəbul), həmçinin Özbəkistandan məsələyə dərhal aydınlıq gətirməyi tələb edib.

Özbəkistan parlamentinin sədr müavini Əlişir Qadirov isə cavabında bildirib ki, Rusiya XİN-in “öz işləri ilə məşğul olması” daha düzgün olar.

Teqlər: