1967-ci ilin mayında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov Molla Pənah Vaqifin anadan olmasının 250 illiyinin geniş şəkildə qeyd edilməsi barədə Sov İKP MK-ya müraciət etmişdi. Vaqifin 250 illiyi ilə bağlı yubiley tədbiri 1968-ci ilin payızında keçirildi. Bakıda keçirilən mərasimdə Sovet İttifaqı respublikalarından başqa Bolqarıstan, Polşa, Kuba, Rumıniya, Almaniya Demokratik Respublikası, Türkiyə (xüsusilə solçu şairlər), İran, İraq, Sudan və digər ölkələrdən qonaqlar dəvət edilir. Siyahı o zaman SSRİ təhlükəsizlik orqanının xüsusi araşdırması ilə tərtib edilir. Elə adamlar seçildilər ki, onlar geri qayıdanda sovet yaşayış tərzi və rejimi barədə müsbət fikirlər yaza bilsinlər.
AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, dəvət olunan qonaqlar içərisində Cənubi Azərbaycandan Məhəmmədhüseyn Şəhriyar da var idi:
“O zaman onun bu siyahıya adının salınması üçün Məmməd Araz çox əziyyətlər çəkir. Bir neçə dəfə Moskvaya müraciət edir ki, Şəhriyar çox böyük şairdir və onun Azərbaycana gəlməsi Sovetlərin İranda müsbət tanınmasına kömək olacaq. Hətta Şəhriyarın Azərbaycanda qalması xərcini də öz cibindən çəkəcəyini məktubda qeyd edir. Moskvadan razılıq məktubu gələn kimi Məmməd Araz təşkilat komitəsindən rəsmi dəvətnamə göndərilməsinə də nail olur. Amma…
Məktubu hazırlayan şəxslər onu Məhəmmədhüseyn Şəhriyarın adına yox, başqa adama yazır və tamam başqa ünvana göndərirlər. Məktubu bilərəkdən səhv hazırlayıb yola salırlar. Məktub Şəhriyara çatmır. Guya “poçtalyonun dəvətnaməni “səhvən” başqa bir Məhəmmədhüseynə çatdırması” bəhanəsilə onun Bakıya gəlməsini əngəlləyirlər.
Buna görə də Şəhriyarın Azərbaycana səfəri baş tutmur.
Məmməd Araz neçə dəfə İran səfirliyinə zəng etsə da, ona Şəhriyara məktub çatmadığını deyirlər. Beləliklə, Şəhriyar Bakıya gələ bilmir. Məktubu qəsdən səhv adama və səhv ünvana göndərənlər də Məmməd Araza belə izah verirlər ki, guya Şah rejimi onun gəlməsinə mane olub. Deyilənə görə, Şəhriyarın Bakıya gəlməsinə mane olanlar içərisində qoca şairlər varmış. Çünki Şəhriyar kimi şairin orda iştirak etməsi Molla Pənah Vaqifə şeir və poemalar yazanları kölgədə saxlaya bilərdi.
Proqramda Şəhriyarın Səməd Vurğunun “Vaqif” poeması əsasında çəkilən tamaşaya baxış və orda onun çıxış etməsi də yazılmışdı.
Deyilənə görə, Məmməd Araz neçə dəfə təyyarə limanına zəng edib qonaqlar içərisində Şəhriyarın olub-olmamasını belə soruşur. Onun gəlişi üçün öz evində ayrıca otaq ayırıbmış, hətta planında var imiş ki, onu Naxçıvana, öz evinə də aparsın.
Ancaq Yazıçılar Birliyində olan qocalar, bolşeviklərə şeirlər, poemalar yazan şairlər Şəhriyarın Bakıya gəlməsinə mane olur. Məmməd Arazın gözləri yolda qalır.
Bundan bərk sarsılan Məmməd Araz evə gəlir, gecə səhərə qədər oyaq qalır və məhşur “Gəlmədi” şeirin yazır:
Ümidlər yollara sərili qaldı
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər güllüklərdə dərili qaldı
Şəhriyar gəlmədi.
Şəhriyar yollanır Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?..”