“SƏHNƏDƏ!” müsabiqəsi böyük qala konsertlə canlı yayımlanacaq

Ötən aylardan etibarən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “SƏHNƏDƏ!” müsabiqəsi böyük final mərhələsinə çatdı. Respublikanın bütün şəhər və rayonlarından olan, xüsusi istedada malik gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək olmaq, vətənpərvərlik mövzusunda olan mahnıların gənc ifaçılar tərəfindən ifa edilməsi və gənclər arasında təbliği məqsədilə həyata keçirilən müsabiqə Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçirilən kastinq mərhələlərindən seçilən 10 iştirakçı ilə böyük qala konsertinə hazırlaşır.

Möhtəşəm final konserti 2 oktyabr saat 21:30-da Mədəniyyət Televiziyası vasitəsilə canlı yayımlanacaq.

Kastinq mərhələsində ölkənin musiqi sahəsində tanınan və peşəkar simalarının iştirakı ilə baş tutan müsabiqənin final konsertinin münsif kürsüsündə Sevda Ələkbərzadə, Pərviz İsaqov (ProMete), Zamiq Hüseynov, İlhamə Qasımova, Aytən İsmixanova, Natavan Həbibi, Muxtar Abseynov, Nərmin Kərimbəyova yer alacaqlar.


Qeyd edək ki, münsiflərin dəyərləndirməsi nəticəsində, xüsusi hazırlanmış şou-proqramla çıxış edəcək 10 istedadlı gəncdən 3 qalib müəyyən ediləcək. Seçilmiş gənc finalçıların hər biri ilə “RÄNG” leyblı arasında 1 illik prodüsserlik müqaviləsi imzalanacaq.

“SƏHNƏDƏ” müsabiqəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı və “GəncSİMA” İB-nin təşkilatçılığı ilə keçirilir və bölgələr üzrə seçim mərhələləri Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanırdı.

Teqlər: