Səhiyyənin Transformasiyası Mərkəzinin yekun hədəfi səhiyyə sistemindən məmnunluğun artırılmasıdır – Birgə bəyanat

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və
TƏBİB birgə bəyanat yayıb.

AzerTimes-ın məlumatına görə,
bəyanatda deyilir:

Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən
fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə
dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə
əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası
Prezidenti tərəfindən 13 may 2022-ci il tarixində Fərman
imzalanmışdır.

Fərmana əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə
səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını
cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu
yaratmaq tapşırılmışdır. Səhiyyənin Transformasiyası Mərkəzinin
yekun hədəfi Azərbaycan vətəndaşının səhiyyə sistemindən
məmnunluğunun artırılmasına yönəlib. Bu baxımdan, səhiyyə
sisteminin əsas iştirakçılarının əlaqəli fəaliyyətini təmin etmək
məqsədilə normativ hüquqi bazanın və idarəetmə modellərinin
təkmilləşdirilərək tətbiqinə ehtiyac vardır. Mərkəz tərəfindən
qarşısına qoyulan tapşırıqların icrası ilə bağlı mövcud vəziyyət,
eləcə də beynəlxalq təcrübə təhlil olunaraq İşçi qrupun üzvləri ilə
razılaşdırılmış təkliflər təqdim olunacaqdır.

Fərmanla elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin
tabeliyinə verilmişdir. Elmi-tədqiqat institutları, elmi mərkəzlər
təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin
hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu
müəssisələrin rolu əvəzsizdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyətinin
müasir dövrün çağırışlarına uyğunlaşdırılması və səhiyyə sisteminin
davamlı inkişafı əlavə insan resurslarına ehtiyac yaratmışdır.
Səhiyyə sistemində fəaliyyət göstərən tibb işçiləri ilə ardıcıl
işin aparılması, sistemin davamlı təkmilləşdirilməsi, fəaliyyətin
günün tələblərinə uyğun qurulması üçün nazirliyin aparatının ştat
vahidlərinin sayı 130-a çatdırılmışdır.

Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”
publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) fəaliyyətinə ümumi
rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. TƏBİB-in
Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin
müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri
Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə fəaliyyət göstərir.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə
Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor
və onun 3 müavini həyata keçirir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in
tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli
əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin
Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən
tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.

Teqlər: