Səhiyyə Nazirliyi “meymun çiçəyi” ilə bağlı açıqlama yayıb

Azərbaycan ərazisində bugünkü tarixədək “meymun çiçəyi”
xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

Bu barədə
Trend
-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır.

“Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə
bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə
etmir.

Meymun çiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir,
yəni bu xəstəlik insana əsasən heyvandan keçir.

İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər,
burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana
bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə
bilər.

Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa
müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir.
Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və
ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir” – açıqlamada
deyilir.

Teqlər: