Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
arasında əməkdaşlıq çərçivəsində bu gün Səhiyyə Nazirliyində
ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş
keçirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat
verilib.
Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə
Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə 1992-ci ildən sıx
əməkdaşlıq etdiyini və bu əməkdaşlığa böyük önəm verdiyini diqqətə
çatdırıb.
Onun sözlərinə görə, ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq
şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal
səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
Səhiyyə naziri bu yaxınlarda ÜST-nin Avropa üzrə regional
direktoru Hans Henri Klugenin Azərbaycana rəsmi səfəri çərçivəsində
Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü
xatırladıb. O, nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə
səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.
COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur
Musayev vurğuladı ki, ölkəmizdə həyata keçirilmiş kompleksli
tədbirlər nəticəsində son zamanlar koronavirusa yoluxma sayında
kəskin azalma müşahidə olunur. Ölkəmizin COVID ilə əlaqədar
Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini
vurğulayan nazir, Azərbaycanla ÜST arasında əməkdaşlığın
gücləndirilməsinə verdiyi töhfələrə görə təşkilatın ölkəmizdəki
nümayəndəliyinə təşəkkürünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin ölkəmizdəki
nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha
da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Onun
sözlərinə görə, Azərbaycan yeni növ koronavirus infeksiyasına qarşı
mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Eyni
zamanda, pandemiya ilə mübarizədə ilk günlərdən ÜST ilə qarşılıqlı
əməkdaşlıq şəraitində çalışır.
Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı gələcəkdə
birgə layihələrin həyata keçirməsi ətrafında (Qrip pandemiyasına
qarşı Milli hazırlıq planının yenilənməsi; Səhiyyə sahəsində
fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması;
multidissiplinar tibbi yardımın təşkilində əməkdaşlıq; beynəlxalq
və kütləvi tədbirlərə texniki dəstək və s.) faydalı müzakirələr
aparılıb.