Səhiyyə naziri Türkiyədə azərbaycanlı həkimlərlə görüşdü

Səhiyyə naziri Türkiyədə azərbaycanlı həkimlərlə görüşdü

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin dövlət və özəl sektorunda işləyən, eləcə də təhsilini davam etdirən 25-ə yaxın azərbaycanlı həkimlə görüşü keçirilib.

AzerTimes xəbər verir ki, ölkəmizin İstanbuldakı Baş Konsulluğun təşkilati dəstəyi ilə keçirilən görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.

Görüşdə Teymur Musayev Azərbaycanın dünya elminə çox görkəmli alim və mütəfəkkirlər bəxş etdiyini vurğulayıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən xaricdə yaşayan, eyni zamanda taleyin hökmü ilə dövlətimizdən ayrı düşən həmyerlilərlə bağlı söylədiyi fikirləri xatırladıb.

Bildirilib ki, Vətənimiz daim ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi, bu gün də davam edir. Qürurverici haldır ki, həmyerlilərimiz hansı ölkədə yaşamasından asılı olmayaraq, doğma Vətənini heç vaxt unutmayıb, hər zaman xalqımıza öz dəstəyini göstəriblər. Belə ki, COVID-19 pandemiyasının ən kəskin vaxtında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq müharibə iştirakçılarının, yaralıların və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər.

Nazir Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən hər zaman dövlət dəstəyinin davam etdiriləcəyini, o cümlədən Vətəndə xidmət etmək istəyənlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.

Türkiyədə çalışan həkimlərimiz öz növbəsində onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə edib, qardaş ölkədə onlar üçün yaradılan şərait haqqında məlumat veriblər.

Nazir həmvətənlərimizin suallarını cavablandırıb.

Teqlər: