Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının plenar iclasında çıxış edib (FOTO)

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının
75-ci sessiyasının plenar iclasında çıxış edib.

AzerTimes-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, Cenevrədə
Ümumdünya Səhiyyə Assambleyasının “Sağlamlıq üçün sülh, sülh üçün
sağlamlıq” mövzusuna həsr olunmuş 75-ci sessiyası davam edir.

Sessiyanın ikinci günündə Azərbaycan nümayəndə heyətinin
rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.

Nazir bildirib ki, pandemiyanın başladığı dövrdən Azərbaycanın
sədrliyi altında Qoşulmama Hərəkatı çoxtərəflilik, əməkdaşlıq və
həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal
şəkildə səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi
nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu
təşəbbüslər irəli sürüb.

Teymur Musayev COVID-19-a qarşı peyvəndlərin bölgüsündə inkişaf
etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı
qeyri-bərabərliyin pandemiyanın qısa zamanda tamamilə aradan
qaldırılmasına nail olmasında çətinliklər yaratdığını diqqətə
çatdırıb. Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi
və pandemiya ilə mübarizədə effektiv addımların atılması üçün əsas
səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Buraya müxtəlif tədbirlərlə yanaşı, səhiyyənin universal
əlçatanlığının təmin edilməsi üçün fasiləsiz peyvəndləmə
proqramlarının davam etdirilməsinin də daxil edilməli olduğunu
əlavə edib.

Səhiyyə naziri vurğulayıb ki, Qoşulmama Hərəkatının üzv
dövlətləri bu və digər mövzulara dair Təşkilatın sədri qismində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüslərini
alqışlayır.

Çıxışının sonunda Teymur Musayev post-COVID dövrü üçün fikir
mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması
məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək
səviyyəli iclasının təşkil edilməsinin planlaşdırıldığını diqqətə
çatdırdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici
və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın
fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən
edilməsidir.

Teqlər: