Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının
24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı
təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız –
Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və
Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, anım
tədbirində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz
Hüseynov, general-mayor Mayis Bərxudarov və N hərbi hissəsinin
hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin
üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin büstü, eləcə də şəhidlərin məzarı və abidə
kompleksinin önünə gül dəstələri qoyulub, ümummilli lider Heydər
Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli ömür və döyüş yolundan
bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi
torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə
Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət
nümunələrindən danışıblar.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilər tərəfindən şəhidlərimizə həsr olunan şeirlər
səsləndirilib, xatirə şəkili çəkdirilib.